1994-cü il aprelin 18-də Ermənistan silahlı birləşmələri Ağdamın Qərvənd kəndinə hücum edib. Ağır keçən döyüşlərdə Azərbaycan Milli Ordusunun 26 hərbçisi qəhrəmanlıqla şəhid olub. Düşmən tərəfi bu 26 hərbçinin həlak olduğunu təsdiqləsə də, onların cənazələrini ailələrinə verməyib. Uzun sürən danışıqlardan sonra, hadisənin 43-cü günü cəmi bir şəhidin cənazəsi ailəsinə təhvil verilib…
Şəhidlər arasında iki UNEC şəhidi də olub…
Onlardan biri məzunumuz Nazim Cəbrayılovdur.
O, 2 mart 1949-cu ildə Ağdam şəhərində anadan olub. 1970-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Ticarətin iqtisadiyyatı” fakültəsini bitirib. Təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Kalininqrad milis məktəbində oxuyaraq, ikinci ixtisas diplomu alıb. Bir müddət çalışdıqdan sonra Vətənə qayıdaraq, 2711 saylı hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində işləyib. Nazim Cəbrayılov 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü başladığı andan Vətənin ilk müdafiəçilərindən biri kimi daim ön cəbhədə olub. Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edən baş leytenant N.Cəbrayılov Müdafiə Nazirliyinin əmri ilə tağım komandiri təyin olunub. Göstərdiyi böyük hünər və şücaətə görə 1994-cü il aprelin 13-də vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib. 1994-cü il, aprelin 18-də Ağdamın Qərvənd kəndində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Ölümündən sonra Nazim Cəbrayılov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidin həyat yoldaşı Rəhilə Cəbrayılova onun şərəfli döyüş və ömür yolunu əks etdirən “Ölməzliyə abidə” kitabını yazıb.
Şəhidlərdən ikincisi isə UNEC-in əbədi tələbəsi Şamil Rəcəbovdur.
Şamil Rəcəbov 4 oktyabr 1970-ci ildə Ağdamda anadan olub. 1977-1988-ci illərdə Ağdam şəhər 5 saylı orta məktəbində təhsil alıb. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1989-1991-ci illərdə Xabarovski vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub Vətənə qayıdan Şamil Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Qiyabi təhsil alan Şamil Bakı neft emalı zavodunda çalışıb.
Ermənilər Ağdam şəhərini işğal etdikdən sonra təhsilini yarımçıq qoyaraq, könüllü döyüşə yollanıb. 1994-cü il, aprelin 18-də düşmənin Ağdamın Qərvənd kəndində hücumunu dəf edərkən, qəhrəmanlıqla şəhid olub.
Şamil Rəcəbov Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub.
Şamilin anası Aminə xanımın məktubunu təqdim edirik.