A

UNEC-də Azərbaycan Respublikasi Vergilər Nazirliyinin dəstəyi ilə vergi sahəsində keçirilən təlim kurslarını uğurla başa vuran tələbə və məzunlarla görüş keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədris proqramları və təlimlər tələbələrin biliklərinin təkmilləşdirilməsinə, onların öz ixtisasları üzrə yüksək səviyyəli işlə təmin olunması imkanlarını gücləndirmək üçün müvafiq sahələr üzrə potensiallarının artırılmasına xidmət edir.

Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirib ki, nazirlik təbliğat və maarifləndirmə sahəsində təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Vergilər Nazirliyi ilə UNEC arasında mövcud əməkdaşlığı inkişaf etdirmək istiqamətində görülən tədbirlərdən biri kimi keçirilən təlim tələbələr arasında vergi sahəsində maarifləndirmə işinə böyük töhfə verəcək.

Təlimləri AMEA-nın müxbir üzvü Akif Musayev, UNEC Biznes Mərkəzinin direktoru, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri  Asəf Əsədov, UNEC Biznes Məktəbinin direktoru Fariz Quliyev, PWC şirkətinin baş vergi mütəxəssisi Elnur Məmmədov və Vergilər nazirliyinin yüksək vəzifəli  ekspertləri keçib. Təlimlərin məqsədi tələbələri müasir vergi inzibatçılığının əsas trendləri, inkişaf istiqamətləri, müasir analitik texnologiyaları barədə məlumatlandırmaq və bilik menecmenti yaxınlaşmalarının rolunu gücləndirmək olub. Təlimlər vergi inzibatçılığı və menecmenti, vergi auditi, İKT və vergi analitikası istiqamətləri üzrə aparılıb. İki ay davam edən təlimlərin sonunda tədris olunan mövzular üzrə imtahanlar keçirilib. Görüşdə bildirilib ki, imtahanlarda 70-dən yüksək bal toplayan tələbə və məzunlar Vergilər Nazirliyində işlə təmin olunmaq üçün müsabiqədə iştirak edə biləcəklər.

Görüşdə çıxış edən tələbələr təlimlərin faydasından bəhs ediblər. İmtahanda 100 bal toplayan UNEC Biznes Məktəbinin məzunu Fidan Niftalieva burada vergi inzibatçılığının müxtəlif prosesləri ilə tanış olduqlarını, risk menecment, e-audit, vergidə tətbiq edilən İT sistemləri, vergi orqanlarında insan resurslarının idarə edilməsi, təşkilati davranış və s. mövzularında faydalı biliklər əldə etdiklərini bildirib.

100 bal toplayan Maliyyə və mühasibat fakültəsinin IV kurs tələbələri Cənnət Dibirova və Səma Rəcəbzadə qarşılarına qoyduqları hədəfə çatmaqda bu təlimlərin mühüm rol oynadığını bildiriblər. Vergi sahəsində tətbiq edilən mexanizmi işin ekspertlərindən öyrənməyin üstünlüyünü qeyd ediblər. Onlar bu müddət ərzində sadəcə vergi üzrə deyil, eyni zamanda liderlik, davranış qaydaları, komanda işinin necə həyata keçirildiyini də öyrəndiklərini vurğulayıblar.

Sonda imtahanları uğurla verən tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay