UNEC-in rektoru, professor Ədalət Muradov universitetə yeni qəbul olunan tələbələrlə görüşlər keçirib.
Görüşlərin əsas məqsədi birinci kurs tələbələrinə universiteti daha yaxından tanıtmaq, yeniliklər barədə ətraflı məlumat vermək, eyni zamanda onları narahat edən məsələləri dinləyib, operativ həllinə nail olmaq, birgə fikir mübadiləsi aparmaq olub.
Tələbə adını qazanması münasibəti ilə birinci kursları təbrik edən rektor, regionun 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti olan UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb.
Görüşlərdə ixtisas seçiminin insan həyatının ən önəmli mərhələlərindən biri olduğunu diqqətə çatdıran Ə.Muradov iqtisadçı mütəxəssislərə bütün dövrlərdə ehtiyac duyulduğunu bildirib. Rektor tələbələrə öz peşəsinə mükəmməl yiyələnməklə yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş olmağın önəmini vurğulayıb.
Son illər ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında ciddi irəliləyişin olduğuna diqqət çəkən rektor, bu il də II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanların 63 faizinin seçiminin məhz UNEC olduğunu bildirib. Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında isə Prezident təqaüdçülərinin sayına görə UNEC-in birinci yerdə olduğu ilə qürur duyduğunu ifadə edib.
UNEC-də həyata keçirilən yeniliklərdən söz açan rektor, bu ildən türk dilində tədrisdə yeni standartların tətbiq olunduğunu və ixtisas sayının artırıldığını bildirib. Ə.Muradov UNEC-də texniki və texnoloji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdiriləcəyinə diqqət çəkərək, bu istiqamətdə ixtisas sayının artırıla biləcəyini də vurğulayıb. Rektor tələbələri tədris prosesi ilə bağlı təkliflərlə çıxış etməyə və təşəbbüskar olmağa səsləyib.
Görüşdə tələbələrə UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom, həmçinin Avropa, Türkiyə və Rusiyanın nüfuzlu ali təhsil müəssisələri ilə mübadilə proqramlarından bəhs olunub. Keyfiyyətli təhsilin təməlində zəngin kitabxananın dayandığını bildirən Ə.Muradov UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın yaxın zamanda tələbələrin istifadəsinə veriləcəyini qeyd edib. O, xüsusi istedadı olan tələbələrə asudə vaxtlarını səmərəli keçirmələri üçün UNEC-in Yaradıcılıq Mərkəzinin dərnəklərinə üzv olmalarını, "Radio UNEC"-in imkanlarından yararlanmalarını tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.