İlk dəfə UNEC rəhbərliyinin digər nümayəndələri olmadan rektor, professor Ədalət Muradovla qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələrin görüşü keçirilmişdir.
Görüş rektor ilə tələbələrin açıq söhbətini təşkil etmək, UNEC-də tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və qış imtahan sessiyasının yekunları barədə tələbələrin rəyini öyrənmək məqsədi daşıyırdı.
Giriş nitqində rektor, professor Ədalət Muradov 600-dən artıq bal toplayan tələbələrin qış imtahan sessiyasının nəticələrini qiymətləndirdi, çıxış etmək istəyən hər bir tələbəni dinlədi.
Ümumilikdə 20-dən artıq tələbə çıxışlarında imtahan sessiyası, tədris prosesi, tələbə-müəllim münasibətləri, mübadilə proqramarı və digər məsələlərə toxundular.
Çıxışlarda qaldırılan məsələlərin əksəriyyəti imtahan sessiyası, o cümlədən, imtahan vaxtının uzadılması, imtahanların arasında fasilə, tələbələrə təqdim edilən sualların sayı, sualların sillabusa uyğunluğu, apellyasiya müraciətləri, yazılı imtahanlara keçid prosesi və sair məqamları əhatə etdi.
Rektor, professor Ə.Muradov tələbələr tərəfindən qaldırılmış bütün məsələləri cavablandırdı, bəzi sualların araşdırılacağı bildirildi.