A

Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə 25 May Bakı Konqress Mərkəzində “Enactus 2019” Milli Yarışının Azərbaycan mərhələsi keçirilib.

Əsas məqsədi Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etməkdən ibarət olan Enactus Proqramının yarış prosesində ilk öncə münsiflər heyəti üçün məlumatlandırıcı sessiya, daha sonra isə Enactus Milli Yarışının açılış mərasimi baş tutub.

Açılış sözü Enactus Azərbaycan İdarə Heyətinin sədri, Azərbaycan Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərova verilib. O, Enactus proqramının ehtiyacı olan şəxslərin həyat keyfiyyətinin və səviyyəsinin yaxşılaşdırılması, həmçinin, tələbələrin təşkilatçılıq və idarəçilik qabliyyətlərinin inkişaf etdirilməsində rolunun əvəzsiz olduğunu vurğulayıb. Bununla yanaşı o, xaricdə təhsilin Gənclər Fondu tərəfindən maliyyələşmə yardımından söz açaraq ölkə rəhbərinin gənclərə olan qayğısını xüsusi qeyd edib. Fərid Cəfərov öz  növbəsində, iştirakçı komandalara uğurlar arzulayıb.

Açılışda, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bütün Enactus iştirakçılarını salamlayaraq gərgin mübarizədə uğurlar arzu edib. O, gənclərin bu kimi layihələrdə göstərdiyi uğurlu fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib. İntiqam Babayev, həmçinin, gənclərin savadlı və sağlam təfəkkürdə olması üçün bu kimi layihələrin əhəmiyyətindən danışıb.

Daha sonra Enactus Avrasiya regionu üzrə direktor Yusuf Məcidov Enactusun mahiyyəti, cəmiyyətə, iqtisadiyyata verdiyi faydadan danışıb.

Enactus Azərbaycan nümayəndəliyinin rəhbəri, ATGTİ-nin sədri Faiq Məmmədov da çıxışında bütün iştirakçılara uğurlar arzulayaraq ATGTİ-nin daima bu kimi layihələrin reallaşmasında təşkilatçılıq etməyə hazır olduğunu vurğulayıb. O, milli yarışda iştirak edən 13 universitet komandasının hər birinin xüsusi bacarıqlara və maraqlı ideyalara malik olduğunu bildirib.

Daha sonra yarışa start verilib. Yarış “Püşkatma mərasimi”, “Liqa yarışlarının birinci hissəsi”, “Liqa yarışlarının ikinci hissəsi”, “Final mərhələsi”, “Bağlanış və mükafatlandırma mərasimi” olmaqla 5 hissədən ibarət olub. Yarışmaçı qismində çıxış edən 13 Ali ixtisas təhsil müəssisəsinin Enactus komandası hazırladıqları layihələri münsüflər heyətinə təqdim ediblər.

Liqa yarışlarının birinci hissəsində eyni qrupda yer alan UNEC, ADA Universiteti, DİA, SDU, BDU, BANM və NDU münsiflər qarşısında çıxış edib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra UNEC və DİA finala vəsiqə qazanıb.

Münsüflər heyyəti qismində ölkənin bir sıra böyük şirkət və qurumlarından olan nümayəndələr, həmçinin, Kiçik və Orta Biznesin  İnkişafı Agentliyinin  sədr müavini  Nadir Adilov təmsil olunub. Ümumilikdə 23 nəfər münsüf qiymətləndirmədə iştirak etmişdir.

Münsüflər heyətinin ümumi rəyinə əsasən, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qalibləri elan edərək mükafatlandırmışdır.

Beləliklə, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının komandası 1-ci yerə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası 2-ci yerə, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin komandası isə 3-cü yerə layiq görülüb.

Məlumat üçün bildirək ki, Enactus UNEC komandası “EcoBottle”, “DreamLadies” və “RePaper” layihələri ilə yarışa qatılmışdı. Yarışa hazırlıq zamanı komandaya UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov fakültə məsləhətçiləri qismində dəstək göstəriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay