A

UNEC KİM-in 24/7 kitabxanasının dəstəyi və UNEC İqtisadçı Tələbələrə Dəstək İB-in təşkilatçılığı ilə kitabxanada 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC KİM-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova öz çıxışında 20 Yanvarın xalqımızın həm hüzn günü, həm də milli birlik, vətənpərvərlik, eləcə də müstəqillik üğrunda apardığı mübarizənin tarixi günü olmasını vurğulayıb.

Azərbaycan Milli Arxiv İdarəsinin şöbə müdiri Ülviyyə Bayramova həmin qanlı-qadalı günlər haqqında arxivdə saxlanılan sənədlər,  videolentlər, filmlər barədə iştirakçılara geniş məlumat verib.

Daha sonra “Akademkitab”ın direktoru, tarix elmləri doktoru, yazıçı Əliağa Cəfərov 1990-cı ildə öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı törədilən qətliamdan, həmçinin bu qanlı cinayətin xalqımızın azadlıq eşqini söndürə bilməməsindən bəhs edib. Yazıçı görüşdə “Qırğın”, “Puç olmuş arzular” və digər romanları barədə də geniş məlumat verib. O sonra şanlı tariximiz haqqında qələmə aldığı kitablarını UNEC-in kitabxanasına hədiyyə edib.

Tədbirdə “Humanitar fənlər” kafedrasının baş müəllimi Cəmilə Həsənova, UNEC İTD İB-in sədri Adnan Nəcəfov, Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Cabbar Cəlilov gənclərin vətənpərvərlik mövzularında fəal olmalarının əhəmiyyətindən və tariximizlə bağlı həqiqətlərin bütün dünyaya çatdırılmasının vacibliyindən danışıblar.

Tədbir UNEC tələbələri Ceyla Allahverdiyeva, Buğday Həmzəyev, Nigar Kərimli və Yasin Məmmədovun hazırladıqları musiqili kompozisiya ilə davam edib. Daha sonra UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi üzvləri tərəfindən hazırlanmış Mən 20 Yanvar şəhidiyəm” adlı video-çarx nümayiş olunub.

Gün ərzində UNEC KİM-in 24/7 kitabxanasında oxuculara üzərində xalqımızın qan yaddaşı əks etdirilən kitabarası əlfəcinlər paylanılıb. Habelə oxucular 20 Yanvar faciəsini əks etdirən kitab sərgisi ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay