A

Bu gün UNEC-in əbədi tələbəsi Habil Əzizovun doğum və anım günüdür.

Əzizov Habil Kommunar oğlu 19 yanvar 1968-ci ildə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) qəbul olunub. Bir il sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıdıb. Qiyabi təhsil alaraq, Ağstafada sovxoz idarəsində işləyib. 1990-cı ilin yanvarında III kurs tələbəsi Habil qış imtahan sessiyasında iştirak etmək üçün şəhərə gəlmişdi. Yanvarın 19-da imtahandan çıxıb, dostları ilə ad gününü qeyd edib. Gecə sovet qoşunları Bakıya daxil olanda Habil dostlarından ayrılaraq, şəhərə çıxıb. Sovet tankının altında qalaraq, şəhid olub. Ağstafadakı Şəhidlər Xiyabanında dəfn olunub. Bakıdakı Şəhidlər Xiyabanında isə şəkli əbədiləşib. Oxuduğu orta məktəb onun adını daşıyır. 

Habil haqqında anası Zinayə Əzizova danışır:

– Yeddi övladımın üçüncüsü idi. Çox ağıllı uşaq idi. Məni heç vaxt incitməyib. Məktəb əlaçısı, sinif nümayəndəsi idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olundu. Bir il oxuyandan sonra hərbi xidmətə yollandı. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıtdı. Qiyabi oxuyur, Ağstafada sovxoz idarəsində işləyirdi. 1990-cı ilin yanvarında qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Yanvarın 19-da aad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada süfrə açıb, ad gününü qeyd edirmişlər. Deyib ki, şəhərdə vəziyyət qarışıqdır. Mən burada rahat oturub ad günü edə bilmərəm. Dostu Xanoğlana deyib gəl gedək şəhərə. Əmisi nə qədər çalışsa da, mane ola bilməyib.

Xanoğlan deyir ikimiz yanaşı gedirdik. Mən qəfil qapağı açıq olan kanalizasiya quyusuna düşdüm, o isə əlimdən çıxıb irəli getdi. Habilə güllə dəyməyib, balamın üstündən tank keçib…

Əmisi “mən qardaşıma nə cavab verəcəyəm” deyə-deyə Bakıdakı bütün xəstəxanaları, morqları, məscidləri gəzib. Sifəti əzilibmiş, paltarlarından tanıyıb ki, bu Habildir…

- Siz xəbəri necə aldınız?

– Rayon poçtuna teleqram gəldi. Rus dilində bir kəlmə yazırdılar: Əzizov Habil vəfat edib. Telefonlar işləmirdi, şəhərlə əlaqə yarada bilmədik. Atası tez yola çıxıb, Bakıya gəldi. Cibindən çıxan evə dönüş bileti, 17 manat pul, saatı, cib dəsmalını da bir-birinə sancaqlayıb, atasına vermişdilər… Onları bu günə qədər saxlayıram. Dəftər-kitabına qədər saxlayıram. Bir də, çox gözəl gitara çalırdı. Bu gün gitarası rayonun şəhidlər muzeyində saxlanılır. Məzarı da rayonun Şəhidlər Xiyabanındadır. Bakıdakı Şəhidlər Xiyabanında isə şəklini vurublar… Rəhmətlik uşaqlıqdan deyirdi ki, mən işləyəndə elə işləyəcəyəm ki, hamı adımı fəxrlə çəksin. Öləndə də elə qürurla öləcəyəm ki, hamı məndən danışsın… İndi hər il yanvarın 20-də həyətimdə tək Habilə yox, bütün şəhidlərə ehsan verirəm…

TOP XƏBƏRLƏR