A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və THİK fəalları Vətən müharibəsində qəhrəmancasına şəhid olan UNEC-in məzunu  Əhmədağa İsgəndərovun   ailəsini ziyarət ediblər.

Görüşdə şəhidin valideynləri övladları ilə bağlı xatirələrini danışıblar. Əhmədağanın çox mehriban, ailəsinə çox bağlı övlad olduğunu, vətənini də ailəsi qədər sevdiyini deyiblər. Şəhidin həyat yoldaşı Əhmədağa ilə qürur duyduğunu, onun yadigarı olan qız övladının atası ilə fəxr edəcəyini vurğulayıb.

Fakültənin həmkarlar təşkilatının sədri Bikəxanım Xuduyeva Vətən müharibəsində torpaqlarımız uğrunda döyüşən, canlarından keçən oğullarımızın xatirəsinin əbədiləşdirilməsi üçün auditoriyalara şəhid məzunlarımızın adlarının veriləcəyini diqqətə çatdırıb.

Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı THİK-in Fəxri Fərmanını şəhidin ailəsinə təqdim edib. Bildirib ki, Əhmədağa İsgəndorovun  əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.

Əhmədağa İsgəndərov

Əhmədağa İsgəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli məktəbdə orta təhsil alıb. 2007-ci ildə qəbul imtahanında yüksək nəticə göstərərək (614.75 bal) UNEC-in İnformatika və idarəetmə fakültəsinin “Menecment” ixtisasına qəbul olub. Məzun olduqdan sonra, 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən ölkənin aparıcı şirkətlərindən birində İnsan resursları mütəxəssisi olaraq  əmək fəaliyyətinə başlayıb və həmin şirkətdə İnsan resursları əməliyyatları bölmə müdiri vəzifəsinədək qədər yüksəlib.

21 sentyabr 2020-ci ildə  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılıb, sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli-Hadrut istiqamətindəki döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 7-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olub.

Kürdəxanı qəbristanlığında dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi, bir övladı var.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay