A

Oktyabrın 10-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Teymur Məcidzadənin doğum günü idi. Yaşasaydı 29 yaşı olacaqdı.

Şəhid Teymur Məcidzadənin doğum günü tədbiri, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində keçirilib. Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı UNEC-in İqtisadiyyat fakültəsinin dekanı dosent Elçin Eyvazov, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, dekan müavinləri, şəhidin dostları və hərbçi yoldaşları iştirak ediblər.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil olunan tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Çıxış edənlər baş leytenant Teymur Məcidzadənin vətənə sevgisindən və döyüş yolundan söz açıblar. Tədbirdə şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlar ediblər.

Mərasimin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndirilib.

Daha sonra UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklik və gül dəstələri düzüblər.

Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə rayonunun işğal edilməsindən sonra Teymurun ailəsi Bakı şəhərinə köçür.

Teymur Məcidzadə 2010-2014-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakültəsində təhsil alır və yüksək göstəricilərlə məzun olur.

Əsgəri xidmətini Sərhəd qoşunları tərkibində başa vuran Teymur Məcidzadə, hərbi hissədə qulluq etməyi qarşısına məqsəd qoyur. Ordu hissəsində zabit kimi xidmət edir, baş leytenant rütbəsinə qədər yüksəlir. II Qarabağ müharibəsində Teymur Məcidzadə öz doğulduğu kəndə yollanır. Teymurun Azərbaycan xəritəsini mükəmməl bilməyi, ona döyüş mövqelərini düzgün seçməyə şərait yaradırdı. Baş leytenant Teymur Məcidzadə ağıllı və düşüncəli tədbirləri, yiyələndiyi hərbi biliklərini inamla tətbiq etməsi nəticəsində taborun 104 nəfər əsgərini mühasirədən çıxararaq, tamamilə itkisiz Şuşa istiqamətində yeni döyüş mövqeyini tutmasına nail oldu.

2020-ci il 9 noyabr tarixində Vətən müharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə Teymur Məcidzadə qəhrəmancasına şəhid olur. III Fəxri Xiyabanda dəfn olunur.

Ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay