UNEC-də 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan silsilə tədbirlər keçirilib.
Qiyabi və əlavə təhsil mərkəzində keçirilən tədbirdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev və Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov çıxış ediblər.
Çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixindəki ictimai, siyasi, iqtisadi əhəmiyyətdən söz açıblar. Məruzəçilər 15 iyunun xalqımız üçün əsl qurtuluş tarixi olmasını faktlarla əsaslandıraraq, bu tarixi yaradan ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmlənməsində və inkişafındakı müstəsna rolunu vurğulayıblar.
Tədbirdə Qiyabi və əlavə təhsil mərkəzinin “Sosial iş” ixtisası üzrə təhsilin 1-ci il tələbəsi Nəsirova Zəhra ulu öndər Heydər Əliyevə həsr edilmiş şerlər səsləndirib.
Rus iqtisad məktəbində keçirilən tədbirdə direktor müavini, t.ü.f.d. Anar Eyyubov, İqtisadiyyat kafedrasının müdiri dos. Sevinc Abbasova, ixtisas rəhbəri dos. Rauf Quşxani həmin dövrdəki hadisələrlə bağlı xatirələrini, xaosu və respublikanın mövcudluğu ilə bağlı yaşadıqları təşviş və qorxu hisslərini bölüşüblər. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildiriblər.
Biznes və menecment fakültəsində keçirilən tədbirdə fakültə dekanı dos. Mirağa Əhmədov, Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri prof. Arif Şəkərəliyev, Menecment kafedrasının müdiri prof. Kamil Şahbazov və Menecment kafedrasının dos.Zakir Mirzəyev ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasındaki xidmətlərindən söz açıblar.
Türk Dünyası İqtisad fakültəsində Tələbə Gənclər Təşkilatı, Rəqəmsal Könüllülər Təşkilatı və Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə "15 İyun Milli Qurtuluş Günü və onun müəllifi, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Hedər Əliyev" adlı dəyirmi masa keçirilib. Tədbirdə dekan müavini Cavahirxanım Məmmədova Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyinin qoruması istiqamətindəki fəaliyyətindən danışıb.
Magistratura mərkəzi, Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələri, Dizayn məktəbi və Ümumi fənlərin təşkili və idarəedilməsi departamentinin birgə təşkil etdiyi tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Magistratura mərkəzinin direktoru prof. Qabil Manafov, Humanitar fənlər kafedrasının müdiri prof. Vəkil Həsənov və professor Hidayət Cəfərov Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulayıblar.
UNEC-in Zaqatala filialında da 15 iyun- Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Filialın direktoru professor Orucəli Rzayev, İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Səfər Razıyev, baş müəllim Camal Arıxov çıxış edərək ulu öndərin Azərbaycan xalqının tarixindəki əvəzsiz xidmətlərindən bəhs etmiş, ulu öndərin siyasi kursunun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.