A

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandum çərçivəsində Palatanın əməkdaşları tərəfindən UNEC tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlərə start verildi.

Təlimin açılış tədbirində Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov, Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri i.f.d. Zaur Vəliyev və Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri i.f.d. Ramal Əzizov iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, təlimlərin məqsədi Hesablama Palatası və UNEC arasında elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək, birgə əməkdaşlığın, məlumat mübadiləsinin vacibliyini nəzərə alaraq, qarşılıqlı maraqların yaradılması və gücləndirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dəstək göstərmək və təcrübə mübadiləsi ilə əlaqələrin inkişafını təşviq etməkdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən təlimlərə UNEC müəllimləri və Gürcüstan Dövlət Audit İnstitutunun nümayəndələri də dəstək göstərəcək.

Çıxışlardan sonra Palatanın şöbə müdiri Zaur Vəliyev “Dövlət maliyyəsi və onun idarə edilməsi” mövzusu üzrə ilk təqdimatla çıxış edib.

Əməkdaşlıq çərçivəsində kadr hazırlığının təmin edilməsi məqsədilə ilk dəfə olaraq dövlət orqanının əməkdaşları tərəfindən bilavasitə ali təhsil müəssisəsində praktik təlimlər keçməklə “Dövlət sektorunda audit”in öyrənilməsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi və Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması planlaşdırılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay