A

UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” çərçivəsində Muzeyin və Kitabxana İnformasiya Mərkəzinin əməkdaşlarının, eləcə də, Maliyyə və mühasibat fakültəsinin tələbələrinin iştirakı ilə “Heydər Əliyev irsi: 100 müzakirə” adlı növbəti tədbir  keçirilib.

Tədbiri giriş sözü ilə UNEC KİM Əsaslı kitabxanasının müdiri Nəzifə Bəxtiyarova açaraq, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliği və milli mədəniyyətin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. O, Heydər Əliyev irsinin gənc nəslə ötürülməsi və onların mənəvi-estetik zövqünün formalaşması baxımından keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

UNEC Muzeyinin əməkdaşı Flora Hümbətova muzeyin ulu öndər Heydər Əliyevə həsr olunan guşəsində saxlanılan sənədlər haqqında məlumat verib. Həmin guşədə Heydər Əliyevin orta məktəb tərifnaməsi, attestatı, ali məktəb diplomu və qiymət kitabçasının, eləcə də, polkovnik rütbəsi alması haqqında əmrin, general-mayor rütbəsi alması haqqında şəhadətnamənin və digər sənədlərin surətlərinin, eləcə də 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illiyi münasibətilə gəlişi zamanı çəkilən fotoşəkillərin nümayiş olunduğunu bildirib.

Maliyyə və mühasibat fakultəsinin dekanı, i.e.n., dos. Hafiz Hacıyev 2002-ci ildə Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetində çıxışı zamanı  bu ali təhsil ocağının qarşısına qoyduğu vəzifələrdən söz açıb. H.Hacıyev “Heydər Əliyev İli” çərçivəsində UNEC-də həyata keçirilən tədbirlərin ulu öndərin siyasi irsinə sadiqliyin nümunəsi olduğunu diqqətə çatdırıb.

Əsaslı kitabxananın müdir müavini Yusif Musayev Heydər Əliyevin Azərbaycanda muzey işinin təşkili, inkişafı və onun maddi texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərindən danışıb. O, Heydər Əliyevin təşəbbüsü ilə hələ 1969-cu ildə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərarın qəbul edildiyini, 1980-1982-ci illərdə Azərbaycanda 30-a yaxın muzeyin fəaliyyətə başladığını və bunun Heydər Əliyev dühasının bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəldiyini bildirib.

Tədbir ulu öndərin milli mədəniyyətimizin inkişafı ilə bağlı əvəzsiz xidmətlərinə həsr olunan maraqlı müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR