A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Aşurbəy Məmmədzadə, təmsil olunduğu “VerseTech” komandası ilə 2025-ci il üzrə keçirilən Fibonacci Beynəlxalq Robot Olimpiadasının Dünya Finalında yüksək nəticə göstərərək iki kateqoriya üzrə dünya çempionu olub.

Süni intellekt, robototexnika və innovasiya sahələrini əhatə edən bu nüfuzlu olimpiada dünyanın 29 ölkəsində təşkil olunur və gənc mühəndislərə, araşdırmaçılara və startap komandalarına qlobal miqyasda öz potensiallarını nümayiş etdirmək imkanı yaradır.

Aşurbəy Məmmədzadənin uğur hekayəsi 1–2 mart 2025-ci ildə Bakıda keçirilən Azərbaycan turundan başlayıb. Milli mərhələdə komanda “HealthTech Entrepreneurship Challenge” kateqoriyasında 1-ci yer qazanaraq beynəlxalq mərhələyə vəsiqə əldə edib. Daha sonra 16–20 aprel 2025-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya Turunda 21 ölkədən 584 komandanın iştirak etdiyi yarışda “VerseTech” öz kateqoriyasında 35 komanda arasında yenidən birinciliyə imza ataraq Dünya Finalına yüksəlib.

Yarışmanın həlledici mərhələsi – Dünya Finalı – 21-25 noyabr 2025-ci il tarixlərində İtaliyanın Roma şəhərində təşkil edilib. Bu mərhələdə 18 ölkədən 623 komanda 21 müxtəlif kateqoriya üzrə mübarizə aparıb. “VerseTech” komandası təqdim etdiyi innovativ texnoloji həllər, süni intellekt əsaslı yanaşmalar və yüksək sosial təsir potensialı ilə seçilərək həm “HealthTech Entrepreneurship”, həm də “SoftTech Entrepreneurship” kateqoriyalarında 1-ci yerə layiq görülüb və bununla da dünya çempionu adını qazanıb.

Bu möhtəşəm uğur UNEC tələbələrinin qlobal arenada yüksək rəqabət qabiliyyətini və universitetin tətbiqi texnologiyalar, STEM və innovasiya yönümlü inkişaf strategiyasını bir daha təsdiqləyir. Universitet rəhbərliyi tələbəmiz Aşurbəy Məmmədzadəni və “VerseTech” komandasını bu böyük nailiyyət münasibətilə təbrik edir və onların gələcək beynəlxalq layihələrdə UNEC-i uğurla təmsil edəcəyinə inamını ifadə edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay