UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışında fakültə dekanı, dosent Elman Cəfərov çıxış edərək, insan alverinin təkcə hüquqi deyil, həm də sosial və iqtisadi təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. O, gənclərin bu sahədə məlumatlı olmasının və cəmiyyətin maarifləndirilməsində fəal iştirakının vacibliyini vurğulayıb.
Dos. Elman Cəfərov bildirib ki, təhsil müəssisələrinin və rəqəmsal platformaların maarifləndirmə prosesində rolu xüsusilə önəmlidir. Onun sözlərinə görə, rəqəmsal mühitdə təhlükəsizlik qaydalarının öyrədilməsi insan alverinə qarşı mübarizədə əsas preventiv mexanizmlərdən biridir.
Tədbir çərçivəsində iştirakçılara insan alverinin mahiyyəti, risk qruplarının müəyyən edilməsi, qurbanların identifikasiyası üsulları və dövlət qurumları tərəfindən həyata keçirilən mübarizə tədbirləri haqqında geniş təqdimat edilib. Həmçinin hüquqi çərçivələrin təkmilləşdirilməsi və sosial şəbəkələrdə təhlükəsiz davranış qaydalarının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.