Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “İcbari tibbi sığorta və tələbələr arasında sağlam həyat tərzinin təşviqi” mövzusunda təlim keçirilib.
Təlimi giriş sözü ilə “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, tələbələrin sağlamlıq məsələləri üzrə maarifləndirilməsinin və icbari tibbi sığorta sisteminə dair məlumatlılığın artırılmasının vacibliyini vurğulayıb, UNEC-də tələbə yönümlü sosial layihələrə xüsusi önəm verildiyini, sağlam həyat tərzinin təşviqinin təhsil prosesinin mühüm komponentlərindən biri olduğunu qeyd edib.
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahova və aparıcı məsləhətçisi Fuad Bayramov çıxış edərək, icbari tibbi sığorta sisteminin məqsədi, əhatə etdiyi xidmətlər, tibbi xidmətlərə müraciət qaydası və tələbələrin bu xidmətlərdən necə yararlana biləcəyi barədə ətraflı məlumat veriblər, sığorta paketinə daxil olan tibbi xidmətlərlə bağlı praktiki nümunələr təqdim edərək, sistemin gənclər üçün yaratdığı imkanlara xüsusi diqqət çəkiblər.
Təlimdə həmçinin sağlam həyat tərzinin əsas prinsiplərinin (düzgün qidalanma, fiziki aktivlik, psixoloji tarazlıq və profilaktik müayinələr) əhəmiyyətindən bəhs edilib, tələbələrə gündəlik vərdişlərdə kiçik dəyişikliklərin böyük sağlamlıq üstünlükləri yarada biləcəyi izah olunub.
Təlimin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.