Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsində (UNEC) “İcbari tibbi sığorta” mövzusunda məlumatlandırıcı sessiya keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Sessiyanı UNEC-in “Biznes və logistika” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev açaraq mövzunun aktuallığı barədə iştirakçılara məlumat verib. O, icbari tibbi sığortanın hər bir vətəndaşın sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətə çıxışın təmin olunması və səhiyyə sisteminin səmərəliliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Fuad Bayramov məruzə ilə çıxış edib. O, icbari tibbi sığortanın ölkədə tətbiqi, vətəndaşların sağlamlıq hüquqlarının təmin edilməsində rolu, habelə tibbi xidmətlərin əlçatanlığının yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Məruzəçi eyni zamanda sığorta sistemi çərçivəsində həyata keçirilən yeniliklər və gələcək planlar haqqında da danışıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.