A

"525-ci qəzet"

İLHAM ƏLİYEV: "AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ DÜNYA SƏVİYYƏLİ UNİVERSİTETƏ ÇEVRİLMƏLİDİR"

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır. Xaricdə filialı olan, 4 dildə təhsil verən, Cənubi Qafqaz ölkələrinin ən iri universitetlərindən biri olan UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir.

Ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması, onların ixtisaslarının artırılması missiyasını öz üzərinə götürən, həm də bu işi şərəflə yerinə yetirən UNEC böyük inkişaf yolu keçib. Son illərdə universitetdə çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. Universitetin maddi-texniki bazası müasir tələblərə uyğunlaşdırılıb, keyfiyyətli təhsil mühiti yaradılıb, elmi-tədqiqatların istiqamətləri genişləndirilib. Ölkədə ilk dəfə rəqəmsal universitet modelinə keçid, tədris prosesinin tamamilə rəqəmsallaşdırılması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi məhz UNEC-də həyata keçirilib. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı tam təmin etməkdir. İnformasiya və kommunikasiya texnologiyalarının UNEC-də tətbiqi isə təkcə modern təhsilə keçidi deyil, eyni zamanda, idarəetmə sisteminin şəffaflığını təmin edib. Ölkədə ilk dəfə olaraq məhz UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, zəngin fonda malik, müasir resurslarla təchiz edilən elektron kitabxana yaradılıb.

Universitetin fəaliyyəti təkcə yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlamaqla məhdudlaşmır. Bu təhsil müəssisəsi həm də peşəkar elmi kadrlar hazırlayan, fundamental elmi tədqiqatlar aparan bir mərkəzə çevrilib. UNEC-də fəaliyyət göstərən 43 Tədqiqat Mərkəzi və onların əldə etdiyi elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaradıb.

UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bu kimi bir sıra beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da sıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in fəxri doktoru olması və onların Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif istiqamətlər üzrə mühazirələr aparması da bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə nüfuzunun artmasını bir daha təsdiq edir.

Universitetdə yaradılan Karyera Mərkəzi, Gənc Alimlər Şurası gənclərin bilik, praktiki bacarıq vərdişlərinin artırılması, onların elmi tədqiqatlara cəlb edilməsi və elmi potensiallarının gerçəkləşdirilməsi gənc alimlərin yetişdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Hazırda UNEC beynəlxalq reytinq cədvəllərində də öz mövqeyini qoruyub-saxlayır və inkişaf yolunda irəliləyir. Bu gün nüfuzlu beynəlxalq reytinq təşkilatları dünyanın aparıcı universitetlərinin reytinqlərini müəyyənləşdirərkən UNEC-in də öncül sıralarda yer alması çox mühüm hadisədir.

UNEC-in QARŞISINDA DAHA BÖYÜK HƏDƏFLƏR VAR VƏ ONA DOĞRU İNAMLA İRƏLİLƏYİR

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən UNEC rektoru, professor Ədalət Muradovun qarşısına qoyulan hədəf Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli universitetə çevrilməsidir. Bu məqsədlə, "UNEC 100 - İnkişaf Strategiyası"nda İqtisad Universitetinin 100 illiyində (2030) dünyanın TOP500 universitetləri sırasına daxil olması əsas hədəf olaraq müəyyənləşdirilib. Bu istiqamətdə qarşıya qoyulan birinci məqsəd UNEC-in QS Dünya Universitetlər Reytinqinə daxil olması idi və UNEC ilk dəfə olaraq, 2020-ci ildə QS-ə daxil oldu.

İkinci məqsəd isə Azərbaycan üzrə QS-də birinci olmaq idi, 2023-cü ildə UNEC ölkə birinci oldu. Bu il isə UNEC QS-in Avropa reytinqdə ölkədə və Cənubi Qafqaz regionunda birinci olub, dünya universitetləri sıralamasında isə 281-ci yerə yüksəlib. Qərbi Asiya universitetləri arasında isə UNEC 12-ci yerə yüksəlib: "Akademik nüfuz" və "İşəgötürənlərin nüfuzu" indikatoru üzrə UNEC ölkədə liderdir. UNEC-in reytinqdə ölkədə lider olduğu digər indikator isə "Dayanıqlılıq" üzrədir. "Məşğulluq nəticələri" üzrə də UNEC mövqeyini artıraraq, Avropanın ən yaxşı 200 universiteti sırasına yüksəlib. Bu kifayət qədər yüksək göstəricilərdir.

Qeyd edim ki, Qlobal QS reytinqində UNEC daxil olmaqla, ölkəmizin 3 universiteti, Avropa QS-də isə ölkəmizin 9 universitetinın adı var. Bu, böyük uğurdur. Bütün bunlar Prezident cənab İlham Əliyevin təhsilə, elmə göstərdiyi diqqətin, qayğının nəticəsidir. İlham Əliyevin yüksək diqqəti və məqsədyönlü islahatları əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyllərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsində xidmətləri çox böyükdur. Mehriban xanım hər zaman təhsil və təhsillə bağlı məsələləri diqqətdə saxlayır. Dünyəvi təhsilə inteqrasiya yolunda uğurla irəliləyən ölkəmizdə elm və təhsilin prioritet seçilməsi deməyə əsas verir ki, ölkədə həmin məsələ ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edib və Azərbaycan dövlətinin ali məqsədinə çevrilib.

ÖZ MİSSİYASINI DAHA İRƏLİ GÖTÜRMƏK İSTƏYƏN TƏHSİL BRENDİ

Azərbaycan Dövlət İqtisad Universiteti artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir. UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir.

Rektor Ədalət Muradov deyir ki, bu gün Prezident İlham Əliyevin onun və universitetin qarşısında qoyduğu "Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitetə çevrilməlidir" vəzifəsini şərəflə yerinə yetirməkdədir: "Bu vəzifənin icrası naminə əzmlə çalışan UNEC ailəsinin böyük zəhməti göz önündədir. Qazandığımız uğurlar gənclərə yeni bilik və bacarıqlar qazandıraraq, onların həyatında yeni səhifələr açmaqda davam edir. Atılan hər addım, göstərilən səy, çəkilən zəhmət bizə inanan hər bir gəncin gələcək həyatında uğura aparan yolun təməlini qoyur".

UNEC-i 4 İLDƏ İKİ DİPLOMLA BİTİRƏN TƏLƏBƏLƏRİN SAYI İLDƏN-İLƏ ARTMAQDADIR

UNEC sürətli islahatlar aparılan və inkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir. Son zamanlar müəllim və tələbələrdə öyrətmək və oxumaq həvəslərinin yeni metodlarla müşayiət olunması, universitetin reytinqinin hər il artması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

UNEC-in nüfuzunun günü-gündən daha da artması bu universiteti seçənlərin sayını ildən-ilə artırır. UNEC də təhsil almaq, bu universitetin tələbəsi olmağı hədəfləyənlərin sayı çoxdur. İldən ilə də bu say artır.

Ədalət Muradovun dediyinə görə, son illərdə UNEC-də bakalavr və magistratura üzrə təhsil alanların sayı xeyli artıb. MBA üzrə təhsil alanların sayında xeyli artım var. MBA proqramı üzrə təhsil almaq istəyən tələbələrin 46 faizi UNEC-i seçir. Bu da çox qürurvericidir: "Ölkə üzrə birinci turun nəticələrinə görə, magistraturaya qəbul olanların 18 faizi UNEC-i seçir. Dövlət sifarişli magistrlərin 26 faizi məhz UNEC-in payına düşür. Bu, çox böyük göstəricidir. Qeyd edim ki, UNEC-də bakalavriatura səviyyəsində 5 qrup üzrə 25 ixtisasa qəbul aparılır. Humanitar ixtisaslar üzrə "Beynəlxalq münasibətlər" ixtisas yeni açılıb və az, rus, türk dillərində tədris olunur. Əmək bazarında ən çox tələb olunan İT (İnformasiya texnologiyaları) üzrə İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi ixtisasları azərbaycan dili ilə yanaşı, ingilis dilində də tədris olunur. Qeyd edim ki, UNEC-ə ötən il ən yüksək balla qəbul olan abituriyent də məhz 1-ci ixtisas qrupu üzrə olub.

Ötən ildən UNEC ilə Türkiyənin Ege universiteti arasında "Qida mühəndisliyi" ixtisası üzrə ikili diplom proqramı reallaşdırılır. Bu ikili diplom proqramı üzrə təhsil almaq istəyən abituriyentlər ixtisas seçimi zamanı Ege universiteti ilə ikili diplom proqramının kodunu seçməlidirlər. Tələbələr 1 və 4-cü kursu UNEC-də, 2 və 3-cü kursu isə Ege Universitetində təhsil alacaqlar. Bu il ilk tələbələrimiz 2 və 3-cü kursu oxumaq üçün Egeyə gedəcəklər. Magistratura pilləsində MBA proqramı üzrə 30 ixtisaslaşmamız var. Onlardan biri - Maliyyə analitikası bu il açılıb. Məzunlarının əmək bazarında çevikliyini artırmaq məqsədilə UNEC öz tələbələrinə dörd ildə iki diplom qazanmaq imkanı verir.

UNEC-in UDİD (Univetsitet Daxili İkili Diplom) proqramını seçən tələbələrin sayı keçən illə müqayisədə 2 dəfə artıb. Bu il ilk dəfə olaraq, 6 tələbəmiz həmin proqramdan məzun olaraq, UNEC-i iki ixtisas üzrə iki diplomla bitirdilər.

Eləcə də UNEC MİNOR təhsil proqramını da davam etdirir. MİNOR proqramı tələbələrin maraq göstərdikləri digər bir ixtisas üzrə müəyyən olunmuş sayda kredit toplamaqla həmin sahə üzrə sertifikat təmin edən proqramdır. UNEC-də təkrar ali təhsil və əcnəbilərin qəbulu da tamamilə elektronlaşdırılaraq, onlayn qaydada həyata keçirilir".

200 HİBRİD AUDİTORİYA

UNEC rektorunun söylədiyinə görə, UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb. Tədrisin təşkilində EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi kağız daşıyıcılar üzərindən deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır. Tədrisin demokratikləşdirilməsi və himanistləşdirilməsi məqsədilə 100 hibrid auditoriya yaradılıb. Tələbələr 53 ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə mühazirələr yalnız distant formada aparılır. Tələbələrin təhsil sənədlərini daha rahat və operativ şəkildə əldə etmələri üçün 2019-cu ildən "Bir Pəncərə Xidməti" fəaliyyətə başlayıb. Bu xidmətin yaradılmasında əsas məqsəd tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir. "Bir pəncərə" vasitəsilə tələbələr onlara lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi elektron kabinetlərindən günün 24 saatı sistemə müraciət edə bilərlər. Hazır sənəd sonra elektron formada tələbənin şəxsi kabinetinə göndərilir: "Ötən ilin sentyabr ayından ali məktəbdə bütün qeyri-ixtisas fənləri distant şəkildə tədris olunur. "Flipped Education" modelinin tətbiqi sayəsində müəllim tələbələrə mühazirə keçmir. Belə ki, müəllim onlayn formada mühazirəni tələbəyə göndərir. Tələbə mühazirə ilə tanış olduqdan sonra başa düşmədiyi məqam olduqda müəllimə bildirir. Regionda ilk dəfə olaraq, yeni tədris ilindən UNEC-də müasir tədris metodunu kökündən dəyişən "Çevrilmiş təhsil" (Flipped Education) metodu tətbiq olunur. Dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi dərs zamanı biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formada ötürülməsidir. UNEC nüfuzlu xarici universitetlə ikili diplom proqramı reallaşdırılıb. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya alıb. Yunanıstanda akkreditasiyadan keçirilib".

UNEC-i BİTİRƏN TƏLƏBƏLƏRƏ QEYRİ-AKADEMİK TRANSKRİPT VERİLƏCƏK

Ədalət Muradov vurğulayıb ki, növbəti tədris ilindən UNEC-i bitirən tələbələrə qeyri-akademik transkript veriləcək. Tələbənin yalnız biliklərini əks etdirən akademik transkriptdən fərqli olaraq, qeyri-akademik transkriptdə tələbənin hansı yumşaq bacarıqlara (soft skills) sahib olması göstərilir: "Lakin xarici ölkələrin aparıcı universitetlərində tələbələrin bacarıqları da qiymətləndirilir və akademik traksriplərlə yanaşı, qeyri-akademik transkript də verilir. Biz də təqribən iki ildir bunun üzərində çalışırıq. Növbəti tədris ilindən bizim də tələbələrimizə qeyri-akademik transkript veriləcək. Bu, onlara gələcək karyeralarında böyük imkanlar verəcək".

UNEC-də İNGİLİS DİLİ 4 BACARIQ ÜZƏRİNDƏN 2 İL MÜDDƏTİNDƏ TƏDRİS OLUNUR

UNEC tələbələri məzun olduqda ən azı bir xarici dil bilməlidir. Universitetdə ingilis dili 4 bacarıq üzərindən 2 il müddətində tədris olunur: "Bizim qərarımız ondan ibarət oldu ki, milli dildə təhsil verən milli universitet quraq, amma bütün tələbələrimiz ingilis dilini mükəmməl bilsinlər. Bu məqsədlə ingilis dilinin tədrisini iki il etdik. Tədrisi kurslardakı kimi oxuma, dinləmə, yazma, danışma bacarıqları üzrə təşkil etdik. İndi 4-cü semestrin sonundakı final imtahanının  British Council tərəfindən götürülməsi üzərində çalışırıq.  Biz istəyirik ki, bizim universiteti bitirən bütün tələbələr ingilis dilini orta səviyyədə bilsin. Əsas hədəf budur. Biz ingilis dilində dərs deyən müəllimləri də sertifikasiyadan keçirmişik. Onların, eyni zamanda son illərdə işə götürdüyümüz müəllimlərin hamısı ingilis dilini mükəmməl şəkildə bilir".

UNEC-in MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN KİTABXANALARI

UNEC-də "24/7 kitabxana" fəaliyyət göstərir. Hazırda UNEC Kitabxana İnformasiya Mərkəzində kitab fondunun sayının 85250 nüsxəyə çatdırılıb, elektron resurs sayı isə bir milyondan çoxdur. Kitabxana müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib. Kitabxanada ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir.

Ədalət Muradov qeyd edib ki, burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, "Oxford University", "Cambridge University", "The MIT", "Duke University", ECONBIZ, JSTOR, "Duke University Press" və EBSCO bazalarına daxil olmaq mümkündür. Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər. İstifadəçilər həmçinin "Web of Science" platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edir: "Qeyd edim ki, UNEC-in fəaliyyət göstərən 4 korpusunda 5 kitabxana var".

TƏLƏBƏLƏR ARASINDA SAĞLAM RƏQABƏTİN STİMULLAŞDIRILMASINA XÜSUSİ DİQQƏT YETİRİLİR

UNEC-də tələbələr arasında sağlam rəqabətin stimullaşdırılmasına xüsusi diqqət yetirilir. Rəqabət mühitində öz biliyi ilə öndə olan tələbələr hər ay 625 manat (Prezident təqaüdü 275 manat + əlaçı təqaüdü 175 manat + "UNEC TOP 15" təqaüdü 175 manat) təqaüd qazana bilərlər. Bundan əlavə, 600 və daha yüksək balla UNEC-ə qəbul olan tələbələrə, eləcə də beynəlxalq və respublika fənn olimpiada qaliblərinə 100 manat təqaüd verilir.

QİYMƏTLƏNDİRMƏDƏ BİLİK YEGANƏ MEYAR GÖTÜRÜLÜR

UNEC təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdirir. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək UNEC əsas prinsipidir. Hər il sessiya dövründə tələbələrin müraciətlərinin operativ cavablandırılması və araşdırılması məqsədilə qərargahlar fəaliyyət göstərir. Həmçinin, imtahan nəticələrindən narazı qalan tələbələrin onlayn qaydada apellyasiya komissiyasına müraciət etmələri üçün müvafiq şərait yaradılır.

Sessiya müddətində, hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə rektorun "Açıq qapı" günləri keçirilir. "Açıq qapı" günlərində imtahan sessiyası ilə bağlı tələbələrin, eləcə də onların valideynlərinin müraciətləri dinlənilir və müvafiq qaydalar çərçivəsində onların həlli ilə bağlı tapşırıqlar verilir. Bəzi məsələlər isə yerindəcə həll olunur. Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitetdə onlar üçün yaradılan səmimi mühitdən irəli gəlir.

Sessiya dövründə UNEC-in 1846 Qaynar xətti və rəsmi sosial şəbəkələr tərəfindən müraciətlər operativ şəkildə cavablandırılır. Sessiyanın sonuna kimi UNEC-dəki kitabxana və oxu zalları axşam saat 22:00-dək işləyir. Eyni zamanda tələbələr 24/7 kitabxanada fasiləsiz olaraq imtahana hazırlaşa bilirlər. Bundan əlavə, imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılır.

Ədalət Muradov qeyd edib ki, əsas hədəf UNEC-də imtahan sessiyalarını mərhələli şəkildə ləğv etməkdir: "Bu təcrübə xarici universitetlərdə də var. Yerli ali məktəblərdə də tətbiqi haqda düşünmək olar. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək, həmin layihə əsasında da tələbə qiymətləndiriləcək və imtahana ehtiyac qalmayacaq".

Sevinc QARAYEVA

TOP XƏBƏRLƏR