A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Unibank” Kommersiya Bankı ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, “Unibank” Kommersiya Bankı ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov, universitetin və bankın əməkdaşları iştirak ediblər.

UNEC ilə “Unibank” arasında memorandumun imzalanmasında əsas məqsəd tərəflərin qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir. Memorandumda UNEC ilə Bank arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulub.

İmzalanma mərasimində çıxış edən rektor, professor Ədalət Muradov UNEC haqqında ətraflı məlumat verərək, həyata keçirilən yeniliklərdən söz açıb və universitetin hədəfləri barədə məlumat verib. “Unibank” ilə əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, maliyyə sektoru ilə universitetin uzun müddətdir davam edən sıx əməkdaşlıqlarından və bu istiqamətlərdə həyata keçirilən layihələrdən danışıb.

“Unibank”ın İdarə heyətinin sədri Fərid Abuşov UNEC ilə əməkdaşlığın perspektivlərindən söhbət açaraq, bankın gənclərin peşəkar mütəxəssis kimi yetişməsinə dəstək olacağını qeyd edib. Həmçinin F.Abuşov təhsil aldığı universitetdə tərəfdaş qismində iştirak etməyin qürurverici olduğunu xüsusilə vurğulayıb.

UNEC ilə “Unibank” arasında əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.

TOP XƏBƏRLƏR