A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti işgüzar səfər çərçivəsində Azərbaycanın Macarıstandakı Səfirliyini ziyarət edib və səfirliyin konsulu Sevda Fərəcova ilə görüş keçirib.

Görüş zamanı UNEC-in beynəlmiləlləşmə strategiyası, Macarıstan universitetləri ilə mövcud və perspektiv əməkdaşlıq imkanları, tələbə və akademik heyət üçün mobillik proqramları, ikili diplom təşəbbüsləri, elmi-tədqiqat istiqamətləri və beynəlxalq reytinqlər üzrə həyata keçirilən fəaliyyətlər barədə geniş təqdimat edilib.

Səfirlik nümayəndələri UNEC-in beynəlxalq təhsil məkanında fəallığını və Macarıstan ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində görülən ardıcıl işləri yüksək qiymətləndiriblər.

Görüşdə həmçinin Azərbaycan və Macarıstan arasında mövcud olan qədim tarixi əlaqələrə toxunulub, dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində bu münasibətlərin müasir dövrdə daha da inkişaf etdiyi vurğulanıb. Xüsusilə elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın intensiv şəkildə davam etdiyi qeyd edilib.

Sonda tərəflər UNEC ilə Macarıstan ali təhsil müəssisələri arasında əməkdaşlıq xəritəsinin genişləndirilməsinin vacibliyini qeyd edərək, bundan məmnun olduqlarını ifadə ediblər.

TOP XƏBƏRLƏR