A

"Xalq qəzeti"

Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır... Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindən

Bakı, 27 sentyabr 2020-ci il.

Təhsili olan hər kəs dünya ölkələrinin hərb tarixinə az-çox bələddir. Ona görə də hamı yaxşı bilir ki, müharibə gedən əksər ölkələrdə dövlətin  siyasəti qapalı, diplomatiyası isə gizli və ya məxfi şəkildə davam etdirilir. Ərazisinin 20 faizi işğal edilmiş, bir milyon qaçqın və məcburi köçünlərin problemləri ilə üz-üzə qalmış, 1994-cü ilin mayında elan edilmiş atəşkəsdən sonra belə şəhidlər vermiş, beynəlxalq təşkilatlardan ancaq icra mexanizmi olmayan bəyanatlarla dəstək alan Azərbaycan açıq siyasət aparır.

Çünki bu dövlətin ölkə vətəndaşlarından və ya xaricdə kimdənsə gizli saxlanılmalı heç bir addımı yoxdur. Bizim ninki dostlarımızla, hətta düşmənimizlə münasibətlərimizdə də riyakarlıq, saxtakarlıq, yalan, uydurma yoxdur. Bunu beynəlxalq ekspertlər dönə-dönə qeyd etmişlər. Hamı bilir ki, həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev işğalçı Ermənistanın  Prezidenti ilə görüş və müzakirələrdə hər şeyi öz adı ilə çağırmış, münaqişənin ədalətli şəkildə həll edilməsi üçüm daim səmimiyyət nümayiş etdirmişlər.

Çox təəssüf ki, son günlər, xüsusən,  sentyabrın 27-dən – Ermənistanın növbəti təxribatına qarşı geniş əks-hücuma qərar veriləndən sonra dövlət başçımızın dörd dəfə ölkə və dünya ictimaiyyətinin qarşısına çıxmasının əsl mənasını anlamayanlar da tapılır və onlar məsələyə öz təfəkkürlərinin imkan verdiyi səviyyədə münasibət bildirirlər. Onlar anlaya bilmirlər ki, Heydər Əliyev siyasi kursu ölkədə xalq hakimiyyəti yaratmışdır və ona görə də iqtidarın xalqdan gizli saxlanılmalı heç bir sözü, məsələsi, problemi yoxdur.

Cənab Prezidentin sentyabrın 27-də xalqa ünvanladığı müraciətinin, elə həmin  gün Təhlükəsizlik Şurasının iclasındakı nitqinin, ayın 29-da “Rossiya -1” televiziyasına vireoformatda verdiyi müsahibəsinin və ayın son günü birinci xanım Mehriban Əliyeva ilə birlikdə getdiyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərimizlə görüşdəki  çıxışlarının hər biri ərazilərimizin işğaldan azad edilməsi uğrunda apardığımız mübarizə salnaməsinin dəyərli səhifələridir. Əminəm ki, bu barədə dönə-dönə, xüsusən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra çox yazılacaq.

Prezident dedi: “  Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız”. Qürueverici məqam idi. İyirmi-otuz yaşlı gənc insanların adının Azərbaycan tarixinə yazılması və bu faktın 50 milyonluq soydaşlarımızın liderinin dilindən səsləndirilməsi – həqiqətən xoşbəxtlikdir.

Dövlət başçımızın Azərbaycan xalqına müraciəti də dəyərli faktlarla zəngindir. Belə ki, cənab Prezident Ermənistanın  bu təxribatı törətməklə hansı məqsədi güddüyünü xalqın nəzərinə çatdırdı:  “İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir”.

Aydındır, əgər ortada növbəti ərazilərin işğalı istəyi varsa və işğalçı dövlətin rəhbərliyi bu iyrənc məqsədi gizlətmirsə, onda Azərbaycanın mütləq qabaqlayıcı tədbirlər həyata keçirməsi zəruri idi. Prezident məhz bu zərurəti xalqın nəzərinə çatdırmaq üçün adı çəkilən müraciəti yaymışdı.

Amma ortada xalqımız və dövlətimiz üçün təhlükə yarada biləcək daha bir fakt da var idi. Belə ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti apardığını dünya ictimaiyyətindən gizlətmir. Ermənistan rəhbərliyi Azərbaycanın işğal edilmiş rayonlarına Livan və Suriyada hərbi təlim keçmiş, bir neçə terror və təxribat hadisələrində iştirak etmiş qatil, quldur, başkəsən erməniləri, türklərə və azərbaycanlılara nifrət bəsləyən terrorçu siyasi təşkilatların təmsilçilərini gətirir. Ona görə də, Prezident xatırladır ki, bu, hərbi cinayətdir: “Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev  sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan --Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə ona ünvanlanan suallara cavab verərkən, tamamilə obyektiv, ədalətli və səmimi münasibət sərgilədi və həmin veriliş bu gün də mətbuatının gündəliyində qalır. Verilişdə məni ən çox məmnun edən məqam dövlət başçımızın dünya siyasətçilərinin gözünə baxa-baxa Türkiyə Cümhuriyyəti barədə ən müsbət fikirləri səsləndirməsi oldu: “Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu əslində məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik”.

Fikrimcə, nəinki erməni tamaşaçılar, hətta rusiyalı, avropalı, bəlkə elə bəzi azərbaycanlı tamaşaçılar da gözləyirdilər ki, İlham Əliyev bu haqlı mübarizəmizdəki Türkiyə faktorunu inkar edəcək, belə bir təmasın, ünsiyyətin olmadığını söyləyəcək. Ancaq Heydər Əliyev siyasi məktəbini və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitununu bitirmiş İlham Əliyev dünya ictimaiyyətinə həqiqəti söyləməyi üstün tutdu. Bu isə yuxarıda qeyd etdiyimiz açıq siyasət prinsiplərinin daha bir nümunəsi idi.

Mən bu qısa fikirlərimi dövlət başçımızın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə nümayiş etdirdiyi səmimiyyət, şəhid ailələrinə, qazilərə və ümumiyyətlə, Azərbaycan əsgərinə  ehtiramla dolu olan  fikirlərlə tamamlamaq istəyirəm: “Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Mirdaməd SADIQOV,
iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay