UNEC-in İctimai Nəzarət Şurasının üzvlərinin növbəti görüşü keçirilib.
Görüşdə rektor, professor Ədalət Muradov IV modulda tədrisin və imtahanların təşkili ilə bağlı Elmi Şuranın son qərarı barədə məlumat verib. Bildirib ki, IV modul imtahanlarında peşə kompetensiyaları tələb edən fənlərin imtahan suallar məxfi saxlanılacaq, digər fənlər üzrə imtahanlar əvvəlki qaydada təşkil ediləcək. İmtahan sualları sillabusda qeyd olunan mövzular üzrə tərtib olunacaq. İmtahanda sillabusdan kənar sual olarsa, bu zaman apellyasiya qərarı tələbənin xeyrinə həll ediləcək. Qeyd olunub ki, hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında Power Pointdə hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri, eləcə də 800-dən çox asinxron videodərs və digər tədris materialları şəxsi kabinetlərinə yerləşdirilib və tələbələr üçün əlçatandır. Elektron kitabxananın işi təşkil edilib. Universitetdə tətbiq olunan yeniliklərlə bağlı tələbələr mütəmadi olaraq məlumatlandırılır.
Rektor III modulda tələbələr arasında Google forum üzərindən anonim sorğunun keçirildiyini diqqətə çatdıraraq, nəticələrini açıqlayıb. Bildirib ki, sorğuda 6270 tələbə iştirak edib. Sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb.
Sonra Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, dosent Sevda Sərdarova müəllimin şəxsi elektron kabinetində yerləşdirilən mühazirələri, təqdimatları, sillabusları, videodərsləri və test suallarını nümayiş etdirib.
Millət vəkili Hikmət Məmmədov tətbiq olunan yenilikləri UNEC-də keyfiyyətin artırılması istiqamətində yeni mərhələ adlandırıb. Aparılan islahatların ictimai müzakirələrə açıq olduğunu yüksək qiymətləndirən millət vəkili, bu müzakirələrin keyfiyyətin artırılmasına xidmət etdiyini vurğulayıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə texnologiyaların tətbiqi zamanı yaranan problemlərdən danışıb. Eləcə də distant təhsil sahəsində hüququ bazasının olmamasının bu sahənin inkişafında ciddi problemlər yaratdığını qeyd edib.
Millət vəkili, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev UNEC-də tətbiq olunan yeniliyi yüksək qiymətləndirib. Tələbələr arasında tədrisin təşkili ilə bağlı sorğuların keçirilməsinin, modul sisteminin tətbiqinin və ixtisas suallarının məxfi saxlanılmasının tələbələrin öz ixtisaslarını daha dərindən mənimcəməsinə xidmət etdiyini deyib.
Professor Hikmət Əlizadə imtahanlarla bağlı UNEC-in yanaşmasını müsbət addım kimi qiymətləndirib, imtahanlarla bağlı tətbiq olunan yeniliyin tələbənin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə müsbət zəmin yaratdığını deyib.