A

azedu.az

“Bəzi hallarda görürük ki, konfranslarda müzakirə yox, vikipedia məlumatları danışılır” 

Bu sözləri Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor  Zahid Məmmədov  AzEdu.az-a açıqlamasında deyib.

Böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə tez-tez elmi təşkilatların nümayəndələri tərəfindən konfranslar keçirilir. Konfransın əsas məqsədi bir sahəyə, mövzuya töfhə vermək, fikirlər bölüşmək və nəticələri müzakirə etməkdir.

Maraqlıdır, konfranslar bu günün hansı tələbatlarını işıqlandırmalıdır? 

“Konfrans elmi tədqiqatların nəticələrinin müzakirə platformasıdır. Ali Attestasiya Komitəsi doktorantlar üçün 3 müxtəlif konfrans keçirdi ki, bu konfranslar da dünyada qəbul olunmuş standartlara cavab verib. Bəzən görürük ki, mövzu ilə bağlı elmi tədqiqatı olmayan adam çıxış edir. Bu mümkün olmamalıdır. Bəzi hallarda görürük ki, keçirilən konfranslarda 5 məruzəçi olur, 5-i də xarici. Xarici Azərbaycana gəlir ki, bizim bu məsələlərə baxışımızı öyrənsin. Biz tədqiqatlarımızı xaricə tanıtmalıyıq.

Əvvəllər istənilən diplomlu şəxs üçün 100% iş yeri var idi. Bu gün iş yerləri nə tələb edir? Bu mövzunun özü elmi konfransda müzakirə olunmalıdır. Azərbaycanda hansı sektorlar, necə işçiləri tələb edir? Peşə məktəbləri texniklərin hazırlanmasına hazırdırmı? Universitetlərdə əmək bazarına uyğun kadr hazırlığında hansı boşluqlar var? Əgər bunların cavabı bilinsə, uyğun hazırlıq işləri aparılar.

Müxtəlif ölkələrin ali təhsil müəssisələri tədqiqat aparır. Əgər onun hazırladığı kadr əmək bazarının tələbinə cavab vermirsə, həmin sahəni dayandırıb, güclü sahəni inkişaf etdirir. Elə universitetlər var ki, hansısa sahədə kadr hazırlaya bilmir. Onun üçün niyə əlavə vaxt itirsinlər? Əlavə vəsait sərf etməyin nə mənası var?

İqtisad elmləri doktoru qeyd edib ki, tədqiqat aparmadan fikir sahibi olmaq ən böyük problemdir: “Öncə tədqiqat, daha sonra isə müzakirələr olmalıdır. Tədqiqat olmadan müzakirənin edilməsi ziyanlı və təhlükəlidir. Fəqət tədqiqat olub, müzakirə edilməməsi ondan da zərərlidir. Hansı sahələrin gücləndirilməsinin lazım olduğunu tədqiqat nəticəsində öyrənə bilərik. Biz xariclə bağlı ictimai rəy yaratmışıq. Xaricdə oxuyan insanın gördüyü işi Azərbaycanda məzun olan şəxs görə bilirmi, buna qadir deyilmi? Xaricə verilən vəsait və onun effektivliyi barədə araşdırma varmı?  Ümumiyyətlə sənayedə yerli məhsulların inkişafından danışırıq, durmadan təbliğ edirik. Əla!

Bəs nəyə görə “Made in Azərbaycan”-ı elm və təhsil sisteminin inşasının daha da güclənməsi üçün tətbiq etmirik?  Hər şeydən əvvəl “Made in Azərbaycan”-ın əsas təminatçısı elm və təhsil sistemidir. Biz bu gün daxili bazarın güclənməsi ilə bağlı addımlar atırıq. Bəzi hallarda vergidən, gömrükdən dəstəklər alıb, böyük işlər görürük. Ancaq gəlin görək bu işlərin qarşılığında daxili təhsil sisteminin güclənməsi ilə bağlı hansı addımlar atılıb? Hər şeydən əvvəl birinci təhsil sistemidir.

Mövzu ilə bağlı bir əyani nümunəni bölüşüm. Bir gün Türkiyədə yaşayan yoldaşlardan birinə "Niyə fabrika açmırsan?",- deyə sual verdim. Cavabında bildirdi ki, fabrikadan əvvəl insan resursları olmalıdır. İnsan resusrslarının da mənbəyi ali təhsil müəssisələridir. İnsan resursu olmadan fəaliyyətə başlamaq mümkün deyil”.

“Gərəksiz, göstəriş üçün edilən konfranslar dayandırılmalıdır”-deyə iqtisad elmləri doktoru vurğulayıb: “Nəticə yönümlü olmayan konfransa gərək yoxdur. Konfransın mövzusu aktual olmalıdır. Məsələn bu gün gündəm Yaşıl Azərbaycan, Yaşıl Dünya Naminə Həmrəylikdir. İki il əvvəl yaşıl iqtisadiyyatla bağlı Milli Məclisin təşəbbüsü ilə Energetika Komissiyası böyük bir konfrans keçirdi.

Bizim konfranslarımız artıq bu mövzular ətrafında keçirilməlidir. “Kənd təsərrüfatının inkişafı”, “sənayenin inkişafı” kimi köhnəlmiş mövzularda konfranslardan qaçınılmalıdır. “Yaşıl energetika”, “Yaşıl nəqliyyat”, “Yaşıl maliyyə” ilə bağlı mövzular olmalıdır. “Yaşıl maliyyə” ilə bağlı dərsliklərimizdə, kitablarımızda heç bir məlumat yoxdur. Artıq tədris proqramına yaşıl maliyyə, yaşıl iqtisadiyyat fənlərini əlavə etməli, bununla bağlı da konfranslar keçirməliyik. Bu da nəticədə Azərbaycan iqtisadi ədəbiyyatını zənginləşdirir”.

Bu gün Avropa artıq yanacaqsız avtomobil modelindən istifadə edir. Biz buna fokuslanmasaq, rəqabətə qoşulmasaq geridə qalacayıq.

Elə götürək yaşıl ekoloji təmizlikdən. Azərbaycanın böyük imkanları var, xüsusən Qarabağda, eləcə də Şərqi Zəngəzurda. Qarabağ Universiteti dünyaya örnək olaraq ilk dəfə “Yaşıl Universitet” sisteminin əsasında fəaliyyət göstərə bilər. Qarabağ Universiteti yaşılın tələblərinə cavab verməlidir. Çünki “Yaşıl Universitetin” nə demək olduğunu nümunə kimi Qarabağla göstərə bilərik. Bu dünyada bir ilk ola bilər.

Bizim digər problemimiz kadr məsələsidir. Klassik universitetlər ənənəvi ixtisaslara yer verir. Qarabağ Universiteti yaşıl ixtisasları əhatə edə bilər. Ənənəvi ixtisasları yaşıl energetika, yaşıl iqtisadiyyat, yaşıl nəqliyyat, ekologiya, yaşıl qida ilə əvəz edə bilərik.

Beynəlxalq reytinq “Yaşıl Universitet” məsələsini gündəmə gətirib. O meyarlara cavab verməyən universitet reytinqə düşmür.

Xarici ölkələrdə universitetlərdə avtomobillər universitetin həyətinə girmir. Ətraf təmiz, yaşıl və çiçəklidir. Dünyanın çağırışı başqadır və buna uyğunlaşmaq lazımdır. Bu gün bizim üçün fürsətdir ki, “Yaşıl Universitet” barədə konfrans keçirək”.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay