A

azedu.az

21 fevral AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə "Firidun bəy Köçərli" adına mükafatın təqdimat mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

Mükafatlandırma mərasimində AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova və "Firidun bəy Köçərli" adına mükafata layiq görülən namizədlər iştirak edib.

AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova mükafat qaliblərini təbrik edərək tədbiri açıq elan edib.

Daha sonra isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Şəhid anası, ibtidai sinif müəllimi Südabə Qazıyeva və digər iştirakçılara söz verilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa çıxışı zamanı beynəlxalq ana dili günündə belə bir mükafatın verilməsini müsbət hadisə kimi qiymətləndirib:

“Əziz iştirakçılar, şəhid anası, görkəmli ziyalılarımız hər birinizi təbrik edirəm. Bu gün Beynəlxalq Ana Dili Günüdür. Ana dili yalnız vətəndaşların ünsiyyət vasitəsi deyil, həm də onların beynəlxalq arenada tanınmasının səbəbidir. Belə bir gündə “Firidun bəy Köçərli” adına mükafatının verilməsi çox vacibdir. Firidun bəy Köçərli Azərbaycan dili ilə bağlı böyük işlər görüb. Onun adının tanıdılması, maarifçilik hərəkatının yenidən başlandığının göstəricisidir. Mükafatın verilməsini təyin edən heyətə təşəkkür edirik. Amma görüləsi işlər bitməyib. Hələ görüləcək işlər çoxdur. Maarifçilik üçün indi böyük şərait var. Ziyalılarımız, tərəqqipərvər insanlar bu sahədə xüsusi səy göstərməlidir. Bu mükafat üzərimizə ciddi məsuliyyət də qoyur. Daha çox uğurlar əldə etməliyik. Çalışmalıyıq ki, xalqımız cəhalətə təslim olmasın".

Daha sonra söz əməkdar jurnalist Elşad Eyvazlıya verilib:

"Hamınıza burada iştirak etdiyiniz üçün təşəkkür edirəm. Hər birinizin təhsil sahəsində uğurları davamlı olsun. Müharibədən sonra Prezident İlham Əliyev yeni istiqamətlərdən danışdı. Buna qədər əsas məsələ Qarabağ idi ki, onu da işğaldan azad etdik. 44 günlük Vətən müharibəsindən sonra məhz əsas istiqamətlərdən biri də təhsil sahəsidir. Bu istiqamətdə təhsil adamlarının üzərinə böyük yük düşür. Əminəm ki, mükafat sahibləri təhsil sahəsində bundan sonra da mühüm işlər görəcək. Təhsil gələcəyimizdir. Hamınıza uğurlar arzu edirəm".

Professor Zahid Məmmədov çıxışı zamanı Elşad Eyvazlı və AzEdu.az Təhsil Portalına təşəkkürlərini bildirib.

"Biz ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə əmək bazarının dəyişən tələblərinə uyğun olaraq tədris planlarının və proqramlarının davamlı olaraq təkmilləşdirilməsi istiqamətində daim işləməliyik".

Təhsil eksperti Elçin Əfəndiyə söz verildi. O, mükafata görə təşəkkürünü bildirdi:

 "Bu gün burada ziyalılar, təhsil adamları, eləcə də şəhid anası iştirak edir. Belə bir mühitdə mükafat almaq qürurvericidir. Mükafata görə təşəkkür edirəm".

Şəhid anası Südabə Qazıyeva da mükafata görə təşəkkürünü çatdırıb:

“Hamınızı salamlayıram. Belə insanların arasında “Firidun bəy Köçərli” adına mükafatı almaq qat-qat xoşdur”, -  deyə bildirib.

Sonda isə qaliblərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata Elm və təhsil nazirinin müavini Firudin Qurbanov; Milli Məclisin deputatı Fazil Mustafa; Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova; Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev; REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev; Şəhid anası, Zaqatala rayonu Aşağı Tala 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qazıyeva; Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev; Professor Zahid Məmmədov; Təhsil eksperti Elçin Əfəndiyev; Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev; Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahova layiq görülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay