“Təcrübə ilə bağlı olmayan elmin, elm və praktika ilə bağlı olmayan təhsilin, təhsil və elmlə əlaqəsi olmayan biznesin səmərəsiz olduğu artıq cəmiyyətdə qəbul edilib”.
Müasir dövrdə hər bir ölkənin iqtisadi inkişafı, vətəndaşlarının rifah halı, ilk növbədə, elmin və təhsilin inkişafı ilə bağlıdır. Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillər müstəsna rol oynayır. Bu isə, ilk növbədə, Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafını tələb edir. Bu baxımdan, ali təhsil sistemində fəaliyyət göstərən professor-müəllim heyəti, universitet rəhbərliyi, tələbələr və müəllimlər qarşısında yeni vəzifələr durur.
Modellərin çoxluğuna baxmayaraq, müasir universitetdə dəyişiklikləri şərtləndirən əsas trendi onun “Universitet 1.0” modelindən “Universitet 3.0” modelinə keçididir. Cəmiyyətin çağırışlarına adekvat cavab olaraq mühüm vəzifələri yerinə yetirərkən bəşəriyyətin rifahını yaxşılaşdırmaq üçün universitetlər, ilk növbədə, öz elmi-tədqiqatları ilə fərqlənməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunur ki, ölkəmizdə elmi-tədqiqat universitetlərinin yaradılması yaxın gələcək üçün təxirəsalınmaz vəzifə kimi qarşıya qoyulmuşdur.
Universitetlərin tarixi inkişafı və yeni missiyası
Klassik universitet modeli təhsil prosesinin təkmilləşdirilməsinə istiqamətlənir. Klassik universitetlər elm, təhsil, sənaye, xidmət sahəsi üçün kadr hazırlığı aparır.
XIX əsrdə alman islahatçılarının fəaliyyəti nəticəsində yeni universitet ideyası, yəni neoklassik universitet ideyası formalaşmışdır. Alman ənənəsində çox sayda görkəmli müəlliflər olsa da, W.Humboldt adı xüsusi əhəmiyyət kəsb edir. Onun universitet ideyasının əsasında elmin institusional inkişafı və alman xalqının mənəviyyatının inkişafı yer almışdır. Belə ki, həqiqət elmi yolla axtarılmalıdır. Buna görə də universitetin mühüm vəzifələrindən biri elmi-tədqiqatlar olaraq qəbul edilir.
İnnovasiyayönlü universitet, yəni universitet və biznes əməkdaşlıq tipli təşkilatlarda isə elmi tədqiqatların, biliklərin kommersiyalaşdırılması təmin olunur. Təhsil-elm-innovasiya üçbucağında elm əsas təşkil edir və elmi fəaliyyətin formal xarakterdən, mücərrəd məzmundan xilas edilməsi, eləcə də universitetlərdə elmi fəaliyyətin idarə edilməsinə ənənəvi yanaşmanın dəyişməsi zərurəti yaranır. Universitetlər təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirilir.
Müasir dövrdə universitetlərin inkişafı ilə bağlı konsepsiya
Dünya səviyyəli universitetlərdə dövlət statusuna və ya özəl sektora aid olmalarından asılı olmayaraq, dünyanın ən yaxşı tədqiqatçıları işləyir və müxtəlif ölkələrdən ən yaxşı tələbələr təhsil alırlar; onlar beynəlxalq mühitdə baş verən hadisələrə və tendensiyalara, çağırışlara uyğun hərəkət edir və bunları nəzərə alırlar; onlar yorulmadan dünya səviyyəli aktual problemlərin həllinə çalışır və başqa təşkilatlarla fəal şəkildə əməkdaşlıq edirlər. Universitetlərin inkişafı ilə bağlı 3 əsas əlamət fərqləndirilir: istedadlıların cəmləşməsi (müəllimlər, tələbələr və inzibatçılar arasında); resursların bolluğu (maliyyə və infrastruktur); çevik idarəetmə (idarəetmədə sərbəstlik, innovativ qərarlar və bürokratik baryerlərin yoxluğu).
Bu qeyd olunanlar üç əsas həlledici funksiyada özünü göstərir: 1) yüksəkixtisaslı kadrların hazırlanması; 2) elmi tədqiqatlar; 3) cəmiyyətin rifahı.
Yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı qeyd etmək mümkündür ki, dünya səviyyəli universitetlər kadr ehtiyatlarının yaradılmasına səy göstərir, bununla da dünyanın ən istedadlı və güclü kadr ehtiyatını formalaşdırmış olur, eyni zamanda milli və qlobal səviyyədə bu sahədə ən mühüm resursları təmin edirlər.
Elmi-tədqiqatlara gəlincə isə dünya səviyyəli universitetlər ən qabaqcıl tədqiqatlarla məşğul olur və müasir dövrün ən yaxşı kəşflərinə səy göstərir, bununla da beynəlxalq səviyyədə bu sahədə mühüm vəzifələri yerinə yetirməklə, bəşəriyyətin rifahını yaxşılaşdırırlar.
Nəhayət, dünya səviyyəli universitetlər insanlıq naminə qlobal problemlərin kompleks həlli istiqamətində töhfələr verirlər və bütün dünyada davamlı inkişafa və bəşəriyyətin inkişafına təkan verirlər.
Dünya səviyyəli universitetin yaradılmasına beynəlxalq təcrübədən yanaşdıqda üç əsas strategiya fərqlənir:
1) potensialı mövcud olan bir neçə universitetlərin səviyyəsinin artırılması və onların qabaqcıl təhsil müəssisəsinə çevrilməsi;
2) bir neçə universitetin birləşməsi nəticəsində yeni universitetin yaradılması, dünya səviyyəli universitetə xas olan sinergetik inkişafın (effektin) yaradılması;
3) sıfırdan başlayaraq yeni universitetin yaradılması.
Beləliklə, iqtisadiyyatımızın dayanıqlı inkişafı, biliyə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına sərmayə qoyuluşu bizim üçün yaxın gələcəkdə əsas strateji hədəflərdən biridir. Bütün bunlar yüksəkixtisaslı kadr potensialı, yeni elmi yanaşmalar və çevik innovativ aktivlik tələb edir və Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur.
Tədqiqat universiteti: elmi fəaliyyət və tədris prosesinin real inteqrasiyası
Tədqiqat universiteti – elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi-tədqiqatlar aparan, keyfiyyətli elm, tədris mühitini təmin edən, yüksək elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsi və ya elm-təhsil mərkəzləridir. Tədqiqat universitetlərinin fundamental və tətbiqi elmi tədqiqatlar aparmaqla yanaşı, yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin rəqabətqabiliyyətli kadr və elmi-informasiya təminatını həyata keçirmələri, dövlətin inkişaf strategiya və proqramlarının işlənib hazırlanmasında fəal iştirakı nəzərdə tutulur.
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun qəbulu ilə “tədqiqat universiteti” anlayışı Azərbaycanın milli qanunvericiliyinə daxil edilmişdir. Bu statusu qazanan universitetlər üçün dövlətdən əlavə maliyyə dəstəyi alması planlaşdırılır.
"Universitet 3.0"da elmi fəaliyyət
Elmin təşkilati formalarının transformasiyasını əks etdirən “akademik kapitalizm” anlayışı 1990-cı illərdə elmin sosiologiyası və iqtisadiyyatı sahəsində tədqiqatlara daxil olmuşdur. ABŞ-də universitetlərin sahibkarlıq fəaliyyəti “akademik kapitalizm” adlanmışdır ki, onun da əsas məqsədi elmi-tədqiqatları və patentləri mənfəət əldə etmək üçün mallara çevirməkdir. “Universitet 3.0"da elmi fəaliyyətin yeni təşkilində əsas meyillər aşağıdakılardır:
- yüksək statuslu universitetlərlə və yüksək texnologiyalara malik şirkətlərlə əməkdaşlıq lehinə müstəqil fundamental tədqiqatların həcminin azaldılması;
- biznes fəaliyyəti məqsədli tədqiqatlar;
- elmi-tədqiqat, təcrübə-konstruktor işlərinin (ETTK), yaradılan biliklərin, tədqiqat nəticələrinin kommersiyalaşdırılması;
- ETTK şöbəsinin təşkilatın mənfəətinə diqqətin artırılması;
- elmi fəaliyyətin universitet və biznes korporasiyasının strategiyası ilə sinxronlaşdırılması;
- elmi-tədqiqatın fənlərarası, tətbiqi, açıq xarakteri;
- beynəlxalq elmi əməkdaşlıqların sayının artması;
- nou-haunun praktiki tətbiqi;
- tədqiqat işlərinin aparılması üçün alternativ maliyyə mənbələrinin aktiv axtarışı, üçüncü tərəflərin resurslarının cəlb edilməsi;
- xarici müştərilərə və bazarlara xidmət;
- universitetin innovativ fəaliyyətinin tərkib hissəsi kimi elmi-tədqiqat işlərinin inkişafı;
- tələbə sahibkarlığının dəstəklənməsi üçün infrastrukturun inkişafı: tələbə texnoloji sahibkarlığı üçün universitet studiyalarının, biznes inkubatorların, sahibkarlığa dəstək mərkəzlərinin yaradılması, startaplar şəklində diplom işlərinin yerinə yetirilməsi;
- öz texnoloji şirkətini quran texnostarter-innovator - tələbələrin və ya müəllimlərin sayında əhəmiyyətli artım;
- universitetlərin öz şirkətlərinin yaradılması;
- iqtisadiyyatın real sektorunda təşkilatlara xidmət göstərmək məqsədilə universitetlərin bazasında mühəndis mərkəzlərinin yaradılması”.
Azərbaycan universitetlərinin üçüncü missiyası ilkin mərhələdədir və getdikcə özünəməxsus xüsusiyyətlər qazanır. Azərbaycan üçün “Universitetlər 3.0” təkamülü ciddi sosial və iqtisadi problemdir, çünki bu tipli universitetlər iqtisadi islahatların aktiv aktorları olaraq bu gün cəmiyyətin modernləşdirilməsində və onun bilik iqtisadiyyatına transformasiya olunmasında fəal rol oynamalıdırlar.
Beləliklə, müasir universitet elmtutumlu texnologiyalar və innovasiyalar yaradır, sənaye ilə sıx əlaqədə olur, biliklərə əsaslanan məhsulların istehsalçısına çevrilir, əmək bazarı üçün yeni iş yerləri təklif edir, texnoparklar və startaplar vasitəsilə real bazarda biznes subyekti kimi iştirak edir.
Zahid Məmmədov,
Əməkdar müəllim, iqtisad elmləri doktoru (TC, RF, AR), professor