A

UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru, Əməkdar müəllim, professor Vəkil Hüseynovun 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov yubilyarı təbrik edərək, professor Vəkil Hüseynovun mənalı həyat yolu, uzunillik müəllimlik fəaliyyəti və elm sahəsində qazandığı nailiyyətlərdən bəhs edib. Bildirib ki, 80 illik ömür insanın həyat yolunu, zəngin təcrübəsini və cəmiyyətə verdiyi töhfələri özündə əks etdirir. Ədalət Muradov ömrünün böyük bir hissəsini elmə və təhsilə həsr edən professor Vəkil Hüseynovun ali təhsilin inkişafı istiqamətində göstərdiyi xidmətləri və universitetin inkişafına verdiyi töhfələri yüksək dəyərləndirib.

Tədbirdə çıxış edən Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı, dosent Elman Cəfərov, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Tofiq Osmanov, həmin kafedranın professoru Məzahir Fərzəliyev, Qərbi Kaspi Universitetinin professoru Səfər Pürhani, “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov, Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov və Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov çıxışlarında yubilyarın universitetdəki uzunmüddətli pedaqoji və akademik fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, professor Vəkil Hüseynov uzun illər ərzində öz zəngin biliyi, yüksək peşəkarlığı, prinsipial mövqeyi və insanpərvərliyi ilə universitet mühitində böyük nüfuz qazanıb. Çıxış edənlər onun tələbələrin formalaşmasında, gənc müəllim və tədqiqatçıların yetişdirilməsində mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, Vəkil Hüseynov yalnız peşəkar müəllim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı və nümunəvi şəxsiyyət kimi həmkarları və tələbələri tərəfindən hər zaman böyük hörmət və ehtiramla qarşılanıb. Onun elmə, təhsilə və universitetin inkişafına verdiyi töhfələrin gələcək nəsillər üçün örnək olduğu xüsusi qeyd edilib.

Çıxışlardan sonra UNEC rəhbərliyi adından professor Vəkil Hüzeynova Fəxri Fərman və hədiyyə təqdim edilib.

Tədbirin bədii hissəsində Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Nadir Əzimlinin ifası, eləcə də UNEC-in Xalq çalğı alətləri ansamblının çıxışı tədbirə xüsusi rəng qatıb.

Sonda professor Vəkil Hüseynov ona göstərilən yüksək diqqət və ehtirama görə universitet rəhbərliyinə və kollektivə öz dərin minnətdarlığını bildirib.   

TOP XƏBƏRLƏR