"Bəzi ixtisasların "gənc" olmasına baxmayaraq, çox zaman onları tədris edənlərin yaşı nisbətən yuxarıdır”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professorun sözlərinə görə, gənclər xarici ölkələrdə klassik ənənəvi ixtisaslara deyil, yeni ixtisaslara üstünlük verməlidirlər:
"Ümumiyyətlə, universitetlə fabrikin fərqi nədir? Fabrik artıq əmək bazarında mütəxəssisləri gözləyir. Onları kim hazırlayır? Universitetlər. Ali təhsil müəssisəsi elə mütəxəssis yetişdirməlidir ki, o fabrikə gedəndə artıq ona nə isə öyrədilməsinə ehtiyac qalmasın, yəni yüksək səviyyədə hazırlanmalıdır. Bu baxımdan, yeni açılmış ixtisaslara dövlət tərəfindən böyük vəsaitlər ayrılır.
Əlbəttə, Azərbaycanda bir sıra klassik ixtisaslar mövcuddur. Lakin bu gün bizim üçün prioritet yeni ixtisaslar olmalıdır. Həmçinin, bu yeni ixtisaslarla bağlı müqavilələr imzalanmalı və bu sahələrdə çalışan insanlar mütləq gələcəkdə ali təhsil müəssisələrində həmin fənnləri tədris etməlidir. Çünki biz 44 günlük Vətən müharibəsindən sonra dünyaya sübut etdik ki, texniki və texnoloji sahələrdə güclüyük. Bu səbəbdən, sübut etdiyimiz bacarıqları universitetlərimizlə birgə nümayiş etdirməliyik.
Əslində, yeni ixtisasların Azərbaycanda "gənc" olduğunu desək də, bu sahələr dünyada artıq müəyyən yaşa çatıb. Məsələn, Yaponiyada bu ixtisasların yaşı 15, Amerikada isə 10 ilə bərabərdir. I Pyutor əvvəlcə gəmi tikmək üçün Niderlanda getmişdi. Bu baxımdan, yeni ixtisasları öyrənmək üçün öncə prioritetlərə diqqət yetirmək lazımdır. Buna görə də, gənclər xarici ölkələrdə klassik ixtisaslara deyil, yeni ixtisaslara üstünlük verməlidirlər. Biz müəyyənləşdirməliyik ki, hansı ixtisaslar Azərbaycan üçün prioritetdir və bununla bağlı tədbirlər planının hazırlanması vacib şərtlərdən biridir”.