Süni intellektin elmdə tətbiqi son illərdə sürətlə genişlənib və tədqiqat prosesinin bir çox mərhələsinə nüfuz edib. Bu texnologiyalar xüsusilə, “ChatGPT”, “Gemini” və “Copilot” kimi alətlər tədqiqatçılara mətnin strukturlaşdırılması, fikrin daha aydın ifadə olunması, dil və üslub baxımından təkmilləşdirilməsi kimi sahələrdə mühüm dəstək verir. Lakin bu imkanlarla yanaşı, elmi etikaya dair ciddi suallar da ortaya çıxır və əsas müzakirə mövzusu süni intellektdən hansı çərçivələr daxilində istifadə edilməsi ilə bağlıdır.
Bu fikirlər UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri iqtisad elmləri üzrə fəlsəfə doktoru Nərgiz Hacıyevanın AZƏRTAC-a təqdim etdiyi “Süni intellekt elmdə inqilab yaradır, yoxsa akademik dürüstlüyü risk altına alır?” sərlövhəli yazısında yer alıb.
Məqalədə qeyd edilib ki, müasir akademik mühitdə qəbul edilən yanaşmaya görə, süni intellekt elmi fəaliyyətin köməkçi aləti kimi qiymətləndirilməlidir, lakin o, tədqiqatçının yerini tutmamalıdır. “Elsevier” kimi nüfuzlu nəşriyyatların siyasətində də açıq şəkildə qeyd olunur ki, AI alətləri məqalənin yazılmasında istifadə edilə bilər, lakin yalnız müəyyən məqsədlər üçün: fikrin və metodologiyanın təkmilləşdirilməsi, mətnin dil baxımından redaktəsi və izahın daha aydın verilməsi. “Elsevier”in etik standartlarına əsasən, süni intellekt müəllif kimi göstərilə bilməz, onun istifadəsi şəffaf şəkildə qeyd olunmalı və məqalənin əsas elmi ideyası, nəticələri və analitik çərçivəsi mütləq şəkildə tədqiqatçıya məxsus olmalıdır. Bunun əksinə olaraq, tam məqalənin süni intellekt vasitəsilə yazılması etik baxımdan qəbul edilmir və akademik dürüstlük prinsiplərinin pozulması kimi qiymətləndirilir. Çünki bu halda elmi işin əsas komponentləri olan orijinallıq, müəllif məsuliyyəti və analitik düşüncə zəifləyir.
Bu məsələ artıq universitetlər səviyyəsində də ciddi şəkildə nəzarətə götürülüb. Məsələn, ali təhsil müəssisələrində, o cümlədən UNEC-də elmi məqalələrin tam şəkildə süni intellekt vasitəsilə hazırlanmasının qarşısını almaq üçün müxtəlif mexanizmlər tətbiq olunur. “Turnitin” və “iThenticate” kimi plagiat yoxlama sistemləri ilə yanaşı, artıq “AI-generated” mətnləri müəyyən etməyə çalışan “AI report” alətlərindən də istifadə olunur. Lakin burada başqa bir problem ortaya çıxır: mövcud AI detektorları hər zaman dəqiq nəticə vermir. Bəzən tədqiqatçının özünün yazdığı mətn belə süni intellekt məhsulu kimi işarələnə bilər. Bu isə akademik qiymətləndirmədə yeni etik və texniki çətinliklər yaradır.
Beynəlxalq hesabatlar da bu sahədə vəziyyətin mürəkkəbliyini təsdiqləyir.
Eyni zamanda, son dövrlərdə məqalə yazılışında müşahidə olunan başqa bir tendensiya diqqət çəkir: başlıqlarda “iki nöqtə” (:) strukturunun həddindən artıq istifadəsi. Süni intellekt alətləri tez-tez başlıqları standartlaşdırılmış formada ümumi bir ifadə və onun ardınca izah verən ikinci hissə ilə qurur. Bu isə müəyyən müddətdən sonra elmi mətnlərdə monotonluq yaradır, ideyanın orijinallığını zəiflədir və analitik düşüncənin dərinliyinə mənfi təsir göstərir. “Elsevier”, “ScienceDirect”, “Taylor & Francis”, “Wiley”, “Emerald” kimi bazalarda artıq bu tendensiyanın geniş yayıldığı müşahidə olunur. Bəzi hallarda məqalənin adı süni intellekt tərəfindən seçilir və məzmunla tam uzlaşmır ki, bu da elmi keyfiyyət göstəricilərinə birbaşa təsir edir.
Redaksiya təcrübəsi də bu problemi təsdiqləyir. Bu gün bir çox elmi jurnallar, o cümlədən yerli akademik nəşrlər məqalə qəbul edərkən 20–30 faizdən çox işi məhz bu səbəbdən geri qaytarır.
Bu cür yanaşmaların ən təhlükəli tərəflərindən biri isə onların tədqiqatçının və nəşrin nüfuzuna birbaşa xələl yetirə bilməsidir.
Elmi sahədə də eyni risklər mövcuddur: əgər tədqiqatçı real analiz aparmadan AI tərəfindən yaradılmış cədvəl və nəticələri təqdim edərsə, bu yalnız məqalənin rədd edilməsi ilə nəticələnmir, eyni zamanda, onun akademik etibarlılığına və gələcək elmi fəaliyyətinə ciddi zərbə vurur.
Nəticə etibarilə, süni intellektin elmdə istifadəsi məhdudlaşdırılmalı deyil, əksinə, düzgün istiqamətləndirilməlidir. Əsas məsələ onun istifadə sərhədlərinin dəqiq müəyyən edilməsidir. Süni intellekt tədqiqatçının fikrini inkişaf etdirə, mətnini cilalaya və iş prosesini sürətləndirə bilər, lakin elmi ideyanın müəllifi insan olaraq qalmalıdır. Etik standartların qorunması üçün şəffaflıq, müəllif məsuliyyəti və istifadə məqsədinin aydın şəkildə müəyyən olunması əsas prinsiplərdir. Elmin gələcəyi texnologiyanın özündə deyil, onu etik və məsuliyyətli şəkildə istifadə edən tədqiqatçılardadır.