AZƏRTAC

Azərbaycanda milli sənayeləşdirmə siyasətinin əsasının qoyulmasında və bu siyasətin uğurla həyata keçirilməsində ölkədə ardıcıl aparılan iqtisadi islahatların rolu danılmaz faktdır.

Bunun üçün təkcə son 10 ildə (2010 – 2020-ci illər) ölkənin həm müdafiə, həm də mülki sənayesində həyata keçirilən innovativ modernləşməni qeyd etmək kifayətdir. Hətta Azərbaycanın müdafiə sənayesinin məhsullarına beynəlxalq aləmdə maraq göstərilir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru İrşad Kərimli bildirib. Professor qeyd edib ki, son 10 ildə Azərbaycanın qarşıya qoyduğu iqtisadi hədəflərdən biri ölkədə innovativ əsaslı qeyri-neft sənaye quruculuğudur. Belə quruculuğun nəticəsidir ki, son illərdə qəbul olunan uyğun dövlət proqramları əsasında ölkəmizdə çoxsaylı sənaye müəssisələri yaradılıb. Prezident İlham Əliyevin 2014-cu il 26 dekabr tarixli Sərəncamla təsdiq edildiyi “Sənayenin inkişafına dair 2015-2020-ci illər ucun Dövlət Proqramı” icra edilib. Əvvəlcə Cənubi Koreya, Danimarka, Hollandiya, Finlandiya və daha sonra isə İtaliya şirkətləri ilə birgə layihə çərçivəsində Sumqayıt Polipropilen zavodu 3600 nəfərdən artıq işçi cəlb olunmaqla istifadəyə verilib və ildə 10 çeşiddə 184 min ton yüksəksıxlıqlı polietilen istehsal edilərək ölkənin daxili bazarının tələbatını tam ödəməklə yanaşı, məhsulun qalan 75 faizini Avropa bazarlarına ixrac edir. Nəticədə daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta ölkəmizdə qalır. Bunun ardınca Sumqayıt Kimya Sənaye Parkının ərazisində Karbamid zavodu, daha sonra isə yüksəksıxlıqlı Polipropilen zavodunun istismara verilməsi Azərbaycanda qeyri-neft sənaye sahəsinin prioritet sahələrinin inkişafında mühüm nailiyyətlər hesab edilir, sənaye sahəsində aparılan islahatların müsbət nəticəsini göstərir. Bu böyük layihənin ümumi dəyəri 800 milyon avro təşkil edib, həmin vəsaitin 500 milyon avrosu beynəlxalq banklardan dövlət zəmanəti əsasında cəlb edilib. Zavodda ümumi halda 450-dən çox daimi iş yeri var.

Azərbaycanda sənaye sahəsində aparılmış islahatlar emal sənayesinin inkişaf strategiyasının prioritetlərini də müəyyən edib və bununla da ölkədə innovativ əsaslı müasir milli sənaye quruculuğu istiqamətinə start verilib.

Regionlarda sənaye məhəllələrinin yaradılmasına diqqət artırılır. Neftçala Sənaye Məhəlləsində son illərdə yüksək texniki parametrlərə malik avtomobil istehsalına başlanılıb. Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir ki, bu müəssisələrə sahibkarlar tərəfindən 5.3 milyon manat investisiya yatırılıb, 200-dən çox iş yeri açılıb. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları istehsalı üzrə müəssisələr və digər istehsalat sahələri fəaliyyət göstərir. İplik istehsalı üzrə pambıq-poliester və “Open End” üsulu ilə iplik istehsalı ilə fəaliyyət göstərən 2 fabrik işləyir. Hər iki fabrikin investisiya dəyəri 144 milyon manatdır ki, bunun 10 milyon manatı güzəştli kreditlər hesabına formalaşıb, 750 iş yeri açılıb. Fabriklərdə pambıq mahlıcdan ildə 20 min ton iplik istehsal olunur.

Ölkədə sənaye parklarının və məhəllələrinin 70-dən çoxu yerli investorlar tərəfindən yaradılaraq bu işə 5 milyard manatdan çox investisiya yatırılıb. Perspektivdə regionlarda yüngül və qida sənaye müəssisələrinin yaradılmasına yerli investorların yatıracaqları investisiyaların məbləğinin daha da artırılacağı gözlənilir. Gözlənilənlər tədricən reallaşmaga başlayır. Belə ki, 2019-cu ildən etibarən Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə xüsusi təyinatlı avtomobil istehsalının təməli qoyulub, istehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodun inşasına ilkin layihə üzrə 14 milyon manat vəsait ayrılıb. Yerli və xarici sahibkarlar uçun bütün zəruri infrastruktur, xüsusən 20 hektar ərazidə 4 istehsal təyinatlı bina, 937 kvadratmetr ərazini əhatə edən inzibati və texniki binalar inşa edilməkdədir. Eyni zamanda, sənaye məhəlləsinin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis binaları, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana, mühasibatlıq, hüquq, bank, sığorta və logistika strukturları yaradılmaqdadır.

Diqqətəlayiq cəhət odur ki, Hacıqabul Sənaye Məhəlləsi yalnız avtomobil istehsalını deyil, daha geniş, yəni 7 layihə üzrə maşınqayırma, kompozit materiallar, tikinti materiallarının istehsalı üçün avadanlıq, gübrə, plastik qablar istehsalı kimi sahələri də əhatə edir.

2010-2020-ci illərdə Azərbaycanda sənaye sahəsində aparılan islahatlar ölkənin milli sənaye siyasətinin başlıca hədəflərinə doğru istiqamətlənib. İşğaldan azad olunmuş Qarabağ regionu da daxil olmaqla bütün ölkə ərazisi üzrə iqtisadi rayonlarda müasir İKT-yə əsaslanan sənaye parkları və məhəllələri yaradılacaq. Fikrimcə, iqtisadi rayonlar üzrə sənaye islahatları elə aparılmalıdır ki, əldə olunan nəticə yalnız iqtisadi rayon miqyası üçün deyil, daha çox ölkənin dayanıqlı makroiqtisadi sabitliyinə xidmət etmiş olsun, effektiv makroiqtisadi sənaye siyasəti çərçivəsində də formalaşa bilsin.

 

TOP XƏBƏRLƏR