A

bizimaz.az

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbə ilə sona çatdırdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

44 gün ərzində igid və qəhrəman oğullarımız canlarını qurban verib, Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı. Şəhidlərimiz bu müharibədə ölümün gözünə dik baxaraq, Vətənimiz, torpaqlarımız bütöv olsun deyə canlarını qurban verdilər. Onlar cəsarəti, mübarizliyi, Vətənə olan sonsuz sevgiləri sayəsində qəhrəmanlıq dastanına çevrildilər.

Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı göstərilməsi, sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə  fərman və sərəncamlar imzalanmış, Birinci vitse-prezident  Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları tərəfindən bu qəbildən olan insanların problemlərinin  həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir.

Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olunacaq. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamda da qeyd edildiyi kimi:

"Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq”.

27 sentyabr Anım Günü ilə bağlı respublikamızın hər yerində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlərə ilk olaraq Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib. Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq. Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.

Bu sözləri ötənlərdə çox eşitmişdik: “Bu gənclik Qarabağda döyüşəcəkmi?”; “Qarabağı görməyən gənclər o torpaqları sevəcəkmi?”; “Gənclər vətənpərvər yetişmir, nə olacaq bunlardan...” Son 15-20 ildə tez-tez səslənirdi bu kimi fikirlər.

Əslində, tarixən yaşlı nəsillə gənclik arasında bu cür dartışmalar olub. Vətənpərvərlik, Qarabağ söhbətlərində isə olduqca sərt mövqelər səslənirdi bu cür mübahisələrdə. Bəzi müxalif qüvvələr hətta belə iddialar da səsləndirirdilər ki, Azərbaycan hakimiyyəti qəsdən gənc nəslin vətənpərvər ruhda yetişməsini istəmir, gələcək nəsillər təslimçi sülhə hazırlanır və s.

Lakin biz nəyin şahidi olduq? 27 sentyabrdan 10 noyabradək davam edən İkinci Qarabağ Savaşında gənclərin hansı əhval-ruhiyyədə olduğunu hamımız gördük və qürurlandıq. Bütövlükdə cəmiyyət yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi, gənclər isə Qarabağda savaşmaq üçün hərbi komissarlıqların qarşısını kəsdirib, az qala dava salırdılar ki, niyə qonşum aparıldı, mən qalmışam...

Sirr deyil ki, 44 günlük müharibədə döyüşənlərin, qəhrəmanlıq göstərən əsgər və zabitlərin böyük əksəriyyəti məhz gənclər idi. 18-35 yaş arası vətəndaşlarımız daha üstünlük təşkil etdi döyüşlərdə, əsgər, zabit olaraq... Habelə, qələbə yürüşlərində öndə gedənlər, orduya dəstək mitinqlərində çoxluq təşkil edənlər də əsasən 20-30 yaşlı gənclər idi...

Ali Baş Komandan, Prezident İlham Əliyev yanvarın 14-də Şuşada səfərdə olarkın bu məsələyə toxunub. O qeyd edib: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”...

Olduqca ciddi məsələdir və bir daha aydın olur ki, İlham Əliyevin hakimiyyəti dövründə gənclik siyasəti özünü doğruldub. Aydın olur ki, birbaşa Ali Baş Komandanın həssaslıqla yanaşdığı vətənpərvərlik məsələsi istiqamətində görülən işlər öz bəhrəsini verib. Biz Prezidentin gənclər siyasəti ilə bağlı maksimum sərt, keçilməz, milli ruhlu mövqeyinin də şahidi olmuşuq.

Prezident İlham Əliyev zaman-zaman öz çıxışlarında, görüşlərində Azərbaycan gəncliyinin mənəvi və fiziki sağlamlığını önə çəkib və gənclərin tərbiyə edilməsinin, vətənpərvərlik ruhunda yetişdirilməsinin vacib olduğunu vurğulayıb. Ölkə başçısı hər zaman 44 günlük Vətən müharibəsində böyük şücaət, qəhrəmanlıq göstərən Azərbaycan gəncləri haqqında böyük qürür hissi ilə danışır, onların həyat yolunu müasir gənclərə örnək olaraq göstərir. Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdir:

“...Gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyəsi işində əsas rol oynamalıdır.

44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür”.

Azərbaycan gəncliyi nəyə qadir olduğunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Onları yaddaşımıza həkk etməli, xatirələrini hər zaman ehtiramla yad etməli, qəlbimizdə yaşatmalıyıq. Şəhidlər bizim örnəyimiz, ölməzliyimizdir.

Zaur Vəliyev
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay