A

"İki sahil"

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır.

Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərimizin vətənpərvər ruhunda tərbiyə olunması  mənsub olduğumuz xalqımızın rifahının, ölkəmizin çiçəklənməsinin bir növ rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayır və yaşadır.

“İki sahil” 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə gəncliyimizin uğurlu simalarını sizlərə təqdim edir:

Həmsöhbətimiz Məmmədov İmran Elçin oğludur. O, 29 noyabr 1997ci ildə Bakıda anadan olub. Orta təhsilimi 267 saylı tam orta məktəbində alıb. 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.Tələbəlik illərində 2016-2019-cu illərdə ADİU-nin Tələbə Həmkarlar İttifaqı Komitəsi üzrə fakültə sədri, həm də YAP üzrə fakültə koordinatoru kimi fəaliyyət göstərib. Tələbəlik illərində 100-dən çox tədbir,idman yarışları,konfrans təşkilatçısı, 300-dən çox tədbir, konfrans iştirakçısı olub. Təşkilatçısı olduğum tədbirlərin əksəriyyəti vətənpərvər mövzularında olub: “Çalışdığımız qədər keçirdiyimiz idman yarışlarını da,ölkəmiz üçün olan xüsusi günlərə həsr etmişik. Sevindirici haldır ki, gənclərimiz çox aktiv yanaşırlar bu məsələlərə.Ölkəmizdə gənclərimizin bu cür vətənpərvər olması məni çox sevindirir.”

İ.Məmmədov qeyd edir ki, 2019-cu ildə bakalavr təhsilimi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura pilləsinə daxil olub: “Lakin oktyabr ayında könüllü şəkildə təhsilimi donduraraq hərbi xidmətə yollandım. 2020-ci il sentyabr ayının 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş komandanımızın əmri ilə Ordumuz bütün cəbhə boyu əks hücuma keçdi. Döyüşə Füzuli rayonundan başladıq. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşanın Daşaltı, Qırmızı bazar istiqaməti və Laçın uğrunda gedən döyüşlərdə silah yoldaşlarımla iştirak etdim. "Vətən Müharibəsində" iştirak medalı və hərbi hissə komandirimiz tərəfindən döyüş tapşırığını layiqincə yerinə yetirdiyimə görə Fəxri  Fərmanla təltif edildim. 44 gün davam edən Vətən müharibəsi nəticəsində  Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasəti, müzəffər ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad edildi. Xoşbəxt Azərbaycan gənclərindən biriyəm ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında qalib Ordunun qalib əsgəri kimi payım var. Çox sayda dostlarım, silah yoldaşlarım şəhid oldu, bəziləri isə qazi oldu. Burdan bütün şəhid ailələri qarşısında baş əyirəm!Qazilərimizə isə Allahdan şəfa diləyirəm!”

Həmsöhbətimiz qeyd edib ki, budur Azərbaycan gəncliyi!Biz çox sevinirik ki yeni yazılmış və gələcəkdə dərsliklərə salınacaq tarixdə bizim də imzamız oldu. Bu müddət ərzində biz ön cəbhədə olmağımıza baxmayaraq, Azərbaycan xalqı arxa cəbhədə daima bizim yanımızda olduğunu sübut etdi! Bizə göndərilən yardımlar,şagird və tələbələrimizin bizə ünvanladığı o məktublar bizə əlavə olaraq güc və stimul verirdi! Dünya Azərbaycanlı olmağın gücünü,birliyini gördü! Yaşasın Azərbaycan xalqı!

İmran Məmmədov bildirib ki, gənclər onlara göstərilən etimadı doğrultmalıdır: “Bildiyiniz kimi, 1 fevral 1997-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı Sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.  Bildiyimiz kimi,Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir. Və biz gənclər də,bizə qoyulan bu inamı daima doğrultmalıyıq.”

Həmsöhbətimiz sonda əlavə edib ki, burdan gənclərimizə daima belə vətənpərvər olmalarını, Vətənini daima belə qorumağı tövsiyyə edirəm. Son olaraq bunu demək istərdim:

Dəyirman dənsiz olmaz
Ruh ki, bədənsiz olmaz.
Can Vətənə bağlıdır
İnsan vətənsiz olmaz!

                             Yaqut Ağaşahqızı, “İki sahil”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay