A

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfər ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində ali təhsil almasına dəstək vermək, həmvətənlərimizi ali təhsilə yönəltmək və abituriyentləri UNEC barədə məlumatlandırmaqdır.

“Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Bolnisi və Dmanisi rayonlarının orta məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər. Görüşdə məktəblilərə regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın 4 dildə təhsil verən yeganə ali təhsil ocağı olan UNEC-ə xarici ölkə vətəndaşlarının qəbulu tamamilə elektronlaşdırılıb. Abituriyentlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda UNEC-də təhsil almaq hüququ qazanırlar.

UNEC-ə qəbul prosesinin sadələşdirildiyi məktəblilərin diqqətini cəlb edib. Onlar UNEC-də tədris olunan ixtisaslarla maraqlanıblar. Dünyanın nüfuzlu universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları şagirdlərin marağına səbəb olub. Məktəblilər dörd ildə iki ixtisasa yiyələnmək imkanı tanıyan UDİD proqramını isə tələbələr üçün əvəzsiz fürsət adlandırıblar.

Səfər çərçivəsində həmvətənlərimizə UNEC-in magistr proqramları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, UNEC-in müasir tələblərə cavab verən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 11 ixtisas 39 ixtisaslaşma üzrə 4 dildə tədris həyata keçirilir. Mərkəzin tələbələri UNEC-in diplomu ilə yanaşı, Avropanın və Türkiyənin nüfuzlu universitetlərinin diplomlarını əldə edə bilirlər.

Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş olunub, suallar cavablandırılıb. Görüşdə iştirak edənlər Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə tanışlıqdan sonra UNEC-in tələbəsi olmaq istədiklərini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay