A

UNEC-in Mühəndislik fakültəsinin bir sıra müəllimləri tərəfindən universitet haqqında və fakültədə kadr hazırlığı aparılan ixtisaslar barədə məlumatların məktəblərə onlayn qaydada çatdırılması, eləcə də abituriyentlərdə ilkin mühəndis biliklərinin formalaşdırılması məqsədilə şəhər və rayon məktəbləri ilə görüşlər keçirilib.

Abituriyentlərin universitetimizə növbəti tədris ilində qəbulunun stimullaşdırılması və UNEC-in tanıtım kampaniyası işinin aparılması üçün “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimləri dos. İlqar Rəcəbov, b/m. Gülnarə Məmmədova Mingəçevir şəhər 1, 3, 7, 11 saylı tam orta məktəblərdə və b/m. Aytən Niyazova Sumqayıt şəhər N.Gəncəvi adına Texniki Təbiət Elmlər Liseyində təhsil alan yuxarı sinif şagirdləri ilə Zoom platforması üzərindən onlayn görüşlər keçiriblər.

UNEC-i abituriyentlərə yaxından tanıtmaq məqsədilə təşkil olunan görüşlərdə məktəblilərə universitetin fakültələri, ixtisaslar, əyani və qiyabi təhsil, filiallar, elektron universitet modeli, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüdlər və s. barədə geniş məlumat verilib. Məktəblilər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

Daha sonra Mühəndislik fakültəsində qəbulu aparılan “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi” ixtisaslarının mahiyyəti, həmçinin Türkiyənin Ege Universiteti ilə birlikdə həyata keçirilən ikili diplom proqramı, üstünlükləri və s. barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, tədris prosesində tələbələr ilkin mühəndislik biliklərinin formalaşdırılmasını yalnız mühazirələrə qatılaraq deyil, həm də konkret layihələr üzərində birgə işləməklə əldə edə bilirlər. Proqramda texniki fənlərlə yanaşı, sosial və ünsiyyət fənləri də yer alır və tələbələr proqramlaşdırma, dizayn və mühəndisliklə əlaqədar fənlər vasitəsilə geniş texniki biliklər əldə etməklə yanaşı, fənlərarası bir yanaşma da mənimsəyə bilərlər. Təcrübə dövründə isə onlar praktiki bacarıqlarını və peşə keyfiyyətlərini inkişaf etdirmək imkanına malik olurlar və nəticədə məzunlar qazanılan yüksək texniki bacarıqları, eləcə də problemləri anlamaq və təhlil etmək, nəticələr barədə məlumat vermək bacarığı sayəsində nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda belə sənayenin və kənd təsərrüfatının  müxtəlif sahələrində qabaqcıl və aparıcı dövlət və özəl sektorlarda əla karyera imkanlarına sahib ola bilərlər.

Görüşlər zamanı şagirdlərin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay