A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Eşqin Cəfərovun “Stevia” biznes ideyası “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən “Made in Azerbaijan-3” müsabiqəsinin qalibi olub.

UNEC News Eşqin Cəfərovla müsahibəni təqdim edir:

- Eşqin, qalib olmanız münasibəti ilə sizi UNEC News komandası adından təbrik edirik! Sizi qalib edən “Stevia” biznes ideyasının mahiyyəti barədə oxuculara məlumat verməyinizi xahiş edirik.

- Təşəkkür edirəm! BMT-nin dayanıqlı inkişaf məqsədlərindən biri də aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatıni təbliğ etməkdir. Bu isə istehsalın həcmini artırmağı və daha çox insanı məhsulla təmin etməyi gündəmə gətirir. Digər tərəfdən dünya şəkərli diabetdən və artıq çəkidən əziyyət çəkir. Hər il dünyada artıq çəki problemi olan 2.8 milyon insan həlak olur. Bu problemin əsas səbəblərindən biri və ən vacibi şəkərdir. Nə etməliyik? Elə bir məhsul istehsal etməliyik ki, onun insan sağlamlığına zərəri olmasın, yəni orqanik olsun, hər kəs həmin məhsuldan rahatlıqla istifadə edə bilsin. Üzərində çalışdığım biznes ideya da məhz bu problemlərin həllində əvəzolunmazdır. Düşünün ki, siz Novruz bayramında şəkərbura yeyirsiz və kökəlmirsiz. Heç bir kimyəvi qatqı olmadan biz bunu edirik. Necə? “Stevia”nın köməyi ilə!

- Biznes ideyanız hansı sahədə tətbiq olunacaq?

- Stevia bitkidir və adi çay kimi əkilib becərilir. Bu səbəbdən də kənd təsərrüfatında bitkiçilik sahəsinə aid olunur. Əldə olunan xammal əsasən dərman və qida sənayesində istifadə olunacaq.

- Biznes ideya hazırlanarkən hansı araşdırmaları aparmısınız və nəticə necə olub?

- Bir ilə yaxındır ki, biznes ideya üzərində işlər aparırıq və bəzi hədəflərimizə artıq çatmışıq. Layihəmiz Enactus Milli çempionatında 2-ci yeri qazanıb, UNEC-in Yunus Sosial Biznes Mərkəzinin inkubasiya proqramına cəlb olunub, “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin isə qalibidir. Araşdırmalarımız davam edir, bu sahədə Türkiyə, Kanada və İspaniya təcrübəsini öyrənirik. Həmin ölkələrlə mütəmadi əlaqə saxlanılır, online görüşlər təşkil edərək ən xırda detalına qədər məlumatlar əldə edirik.

- Biznes ideyanızı reallaşdırmaq üçün sizə nə qədər vəsait lazımdır?

- İlkin mərhələdə 140 min AZN tələb olunur və investisiyanın geri ödəmə müddəti 2 il yarımdır. Bu müddət ərzində layihədən tez və daha çox gəlir əldə etməliyik.

- Artıq üçüncü dəfədir ki, “Made in Azerbaijan” müsabiqəsində iştirak edib finala yüksəlirsiniz. Üç il ard-arda keçirilən biznes ideya müsabiqəsini necə dəyərləndirirsiniz? Sizcə, bu müsabiqə ötən ilkilərdən fərqlənirmi?

- Təbii ki yeniliklər, dəyişikliklər var. Biznes ideya müsabiqəsi sayəsində mənim sahibkarlığa marağım daha da artıb. Bir deyim var: “Business opportunities are like buses. There are always another one coming”. Burdan başladığım yol mənə nüfuzlu şirkətlərin təcrübəsini qazanmağı və daha böyük məqsədlərə çatmağı öyrədib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay