- Bundan sonra nələr gözləyirsiniz? Hansısa təklifləriniz varmı?

- Ölkə başçısı cənab İlham Əliyev Vergilər Nazirliyinin fəaliyyətini, həyata keçirilən bugünkü vergi siyasətini, məqsədyönlü islahatları qiymətləndirərək səlahiyyətlərinin artırılmasına qərar verib. Ən son belə tədbir kimi Maliyyə Monitorinqi Xidmətinin nazirliyin tabeliyinə verilməsini qeyd etmək olar. Bütün bunlar onu göstərir ki, Vergilər Nazirliyinin bundan sonra da ictimaiyyətdə böyük etimad qazanma şansı var. Hesab edirəm ki, bu istiqamətdə çalışmaları davam etdirmək lazımdır. Son dövrlərdə nazirlik bir sıra istiqamətlərlə paralel olaraq, kommunikasiya siyasətini də gücləndirib. Bu siyasəti də davam etdirməyin tərəfdarıyam. Zamanın tələbinə uyğun, çevik şəkildə "Vergilər" qəzetinin onlayn versiyasının təkmilləşdirilməsi və ödəyicilərə alternativ və mötəbər bir informasiya resursunun təqdim olunmasını bu siyasətin davamı kimi qiymətləndirirəm. Eyni zamanda, vergilərlə əlaqədar əldə edilən nəticələrlə bağlı təcrübəmizi paylaşmağımız lazımdır. Hesab edirəm ki, dünyada və Azərbaycanda vergi siyasətində aparılan dəyişikliklərin sahibkarlıq subyektlərinin inkişafına təsiri mövzusunda beynəlxalq konfrans keçirə bilərik. Mühasibat sistemində köklü dəyişikliklər aparmaq lazımdır. Sərbəst mühasibatçı, maliyyə müşavirliyi sistemini Azərbaycana gətirmək, şəffaflaşma prosesini davam etdirmək lazımdır.

Hazırladı:
Fərqanə ALLAHVERDİQIZI