A

Oktyabr ayında UNEC-in İnklüziv təhsil mərkəzinin yaradılmasının 7 ili tamam olur. Mərkəzin koordinatoru Sevinc Məhsimova UNEC-də yaradılan inklüziv təhsil mühiti, mərkəzin 7 illik fəaliyyəti, həyata keçirilən yeniliklər və gələcək planlar barədə UNEC News-a müsahibə verib. 

-Sevinc xanım, mərkəzin yaradılması təşəbbüsü necə yarandı və hansı zərurətdən irəli gəldi?

-Mərkəzin yaradılması təşəbbüsünə 2013-cü ildə Xəzər universitetinin koordinatorluğu ilə 5 tərəfdaş universitetlə birlikdə  “Fiziki əlilliyi olan insanlar üçün ali təhsil mühitinin yaradılması” ERASMUS layihəsi ilə başladıq. Həmin illərdə ölkədə ali təhsil alan əlilliyi olan gənclər az idi. Ümumiyyətlə, əlilliyi və sağlamlığı məhdud olan gənclərin cəmiyyətə inteqrasiyası zəif idi və bu istiqamətdə cəmiyyətin, valideynlərin və əlilliyi olan gənclərin özlərinin bir çox mövzuda maarifləndirilməsinə ehtiyac var idi.

UNEC-də həmin dövrdə 26 nəfər əlilliyi olan gənc təhsil alırdı. Ən cox tələbə sayı da bu universitetdə idi. Onların hamısı qiyabi təhsil alırdı və inanın ki, bəziləri çox çəkinərək gəlirdilər və adətən arxa sıralarda otururdular. Utanma, çəkinmə, özünə güvənsizlik, əminsizlik, inamsızlıq...o zamanlar əlilliyi olan gənclərin hissləri əsasən bunlar idi.

Biz də bu vəziyyəti dəyişməyə və inklüziv təhsil mühiti yaratmağa qərar verdik. Deyə bilərəm ki, bu istiqamətdə çox böyük nailiyyətlər əldə etdik.

-Hazırda UNEC-də əlilliyi olan neçə tələbə təhsil alır?

- 2020-ci ildə bu say 115 nəfər, 2021-ci ildə 85 nəfər idi. Bu il isə 70 nəfərdən coxdur. Dəqiq statistika hələ ki, müəyyənləşməyib, çünki birinci kursda təhsil alan əlilliyi olan gənclərin sayı ilə bağlı dəqiqləşmələr aparılır.

-İnklüziv mərkəz olaraq, əlilliyi olan tələbələrə nə kimi dəstək göstərirsiniz, fəaliyyətinizi hansı istiqamətdə qurursunuz?

-Əslində, bir cox insan düşünür ki, əlilliyi olan tələbələrə dərslər İnklüziv təhsil mərkəzi tərəfindən aparılır.  Bu, belə deyil. Mərkəz həmin tələbələr üçün xidmətləri koordinasiya edir. Sağlamlığı məhdud və əlilliyi olan tələbələr digər tələbələrlə birlikdə, ixtisasları üzrə fakültələrdə təhsil alırlar.

Sağlamlığı məhdud və əlilliyi olan tələbələr əksər vaxtlarda stresli mühitdə özlərini narahat hiss edirlər və bu, onların tədris prosesində, xüsusən də imtahanlarda yüksək qiymət almalarına mane olur. Belə hallarda onlar mərkəzə ərizə ilə müraciət edirlər, biz də onlara bəzi dərsləri dinləmək və imtahanları mərkəzdə vermək üçün imkan yaradırıq. Mərkəz olaraq, sağlamlığı məhdud və əlilliyi olan tələbələrin universitet həyatına tam inteqrasiya olunmasına dəstək oluruq, eləcə də onları sosial həyatda fəal olmağa, tələbə təşkilatlarının həyata keçirdiyi layihələrə qatılmağa təşviq edirik, eləcə də onların universitetdə təşkil olunan konfrans, seminar və digər tədbirlərdə iştiraklarını təmin edirik.

Vacib bir məqamı da qeyd etmək istəyirəm, İnklüziv təhsil mərkəzi eyni zamanda sosial iş aparır. Sağlamlığı məhdud və əlilliyi olan tələbələrə lazımi psixoloji dəstək də göstərilir. Bu yaxınlarda UNEC-də Psixoloji xidmət mərkəzi yaradıldı. Əminəm ki, mərkəzin açılması bu istiqamətdə işlərimizi daha da asanlaşdıracaq və faydalı olacaq.

Mərkəz olaraq, biz valideynlərlə də sosial iş aparırıq. Bilirsiniz ki, sağlamlığı məhdud və əlilliyi olan tələbələrin valideynlərini daha həssas qrup saymaq olar və onlarla calışmaq daha çətindir. Ona görə ki, cəmiyyətin “qınaq”, “tənqid”, “ayıb”, “əksik” kimi stiqmaları onları daha dərin yaralayıb.

Tədrisdə də bir çox yeniliklər olunur. Məsələn, fərdi təhsil trayektoriyası çərçivəsində UNEC-də audio-dərslik layihəsi davam edir. Müəllimlər mühazirələrini audio formata çevirirlər. Mərkəzdə sağlamlığı məhdud və əlilliyi olan tələbələr üçün əlavə dərslər də keçilir. Xüsusi hallarda dərslər hibrid formasında təşkil olunur. Əlilliyi olan tələbə üzrlü səbəbdən universitetə gələ bilmirsə, evdən onlayn dərsə qoşula bilir.

-UNEC inklüziv təhsil mühitini yarada bilib?

- Bəli, UNEC bu işi uğurlu şəkildə davam etdirir. Qürur hissi ilə deyirəm ki, inklüziv ali təhsil təcrübəmiz artıq respublikada model kimi qəbul olunur. Təbii ki, bəzi çatışmazlıqlar var, lakin onların aradan qaldırılması istiqamətində işlər aparılır.  Xüsusi olaraq qeyd etmək istəyirəm ki,  UNEC-də inklüziv təhsilin inkişafı prioritet hədəflərdən biri kimi qəbul edilib. Universitetin bütün struktur rəhbərlərinin və əməkdaşlarının birgə dəstəyi ilə qarşıya qoyulan hədəflərə nail oluruq.

-Əlilliyi olan tələbələr daha çox hansı çətinliklərlə qarşılaşırlar?

-Əsasən, infrastruktur olaraq, sanitar qovşaqlarından istifadədə problem yaranır. 3 saylı tədris binasının sanitar qovşağı əlilliyi olan tələbələr nəzərə alınmaqla quraşdırılıb, digərlərində isə bu istiqamətdə işlər aparılır.

-Əlilliyi olan tələbələr arasında ikili diplom və mübadilə proqramlarının iştirakçısı varmı?

-Bəli, var. Çox sevindiricidir ki, bütün tələbələr kimi, sağlamlığı məhdud və əlilliyi olan tələbələr həm mübadilə, həm də ikili diplom proqramlarında iştirak edirlər. Onlar da xaricdə ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, bu il UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramından məzun olan 12 gənc arasında əlilliyi olan tələbəmiz də var idi. Eləcə də Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində fiziki imkanları məhdud və əlilliyi olan bir neçə tələbəmiz Avropa universitetlərində təhsil alıblar.

-Əlilliyi olan tələbələrin sosial fəaliyyəti necə təmin edilir?

-UNEC-də sağlamlığı məhdud və əlilliyi olan tələbələr universitetin həyatına tam inteqrasiya olunurlar. Təbii ki, hamısı olmasa da, bəziləri bütün tədbirlərdə, layihələrdə, seminarlarda iştirak edirlər. UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi bu işimizdə daima yanımızdadır. Onlar üçün mütəmadi olaraq, müxtəlif tarixi və turistik yerlərə ekskursiyalar təşkil olunur, eləcə də həmin tələbələrlə film izləməyə, opera, tamaşa və sərgilərə gedirik.

Tədris ilinin əvvəlində tələbə təşkilatlarının rəhbərləri ilə görüşlər keçirilir, tapşırıqlar verilir. Müxtəlif istiqamət üzrə 11-dən çox tələbə təşkilatımız var. Təşkilatın üzvləri bütün fakultələrdə təhsil alan əlilliyi olan gənclərlə tanış olurlar. Həmin tələbələr istədikləri təşkilata üzv olaraq, layihələrdə iştirak edirlər.

-Həmin tələbələr arasında xüsusu bacarığı ilə seçilən gənclər var?

-Əslində əlilliyi olan gənclərin hər birinin maraq dairəsi çox genişdir və əksəriyyəti xüsusi bacarığı ilə seçilir. Sağlamlığı məhdud və əlilliyi olan tələbələrimiz arasında şairlər, yazıçılar, rəssamlar, riyaziyyatçılar, peşəkar İT mütəxəssisləri var. Deyə bilərəm ki, məzunumuz Zahid Əliyev İT sahəsində ölkənin tanınmış mütəxəssislərindəndir.

Yaradıcılıqla məşğul olan, xüsusilə də şeir, roman yazan tələbələrimiz var. Universitet rəhbərliyinin dəstəyi ilə Məhsim Bədirxanlının şeir kitabçası nəşr olunaraq, geniş təqdimatı keçirildi. Bu, onun üçün çox böyük motivasiya oldu. Məzun olan digər tələbəmiz Seyfullah Əliyevin yazıcılıq istedadını xüsusi vurğulamaq istəyirəm. UNEC-in nəşriyyatında onun detektiv romanı çap olundu. Təqdimatda universitet rəhbərliyi ilə yanaşı, xalq yazıçısı Çingiz Abdullayev, ölkənin tanınmış yazarları və ictimaiyyət nümayəndələri də iştirak etdilər. Başqa bir tələbəmiz intellektual oyunların və yarışların patentini alıb. Biz onlarla qürur duyuruq!

-Əlilliyi olan tələbələrin məşğulluğu, işlə təmin olunması ilə bağlı universitet tərəfindən hər hansı dəstək göstərilir?

-Məşğulluq ən əsas məsələlərdəndir. UNEC bu istiqamətdə çox ciddi addımlar atıb. Dövlət Məşğulluq Agentliyi də daxil olmaqla, bir çox dövlət qurumları və təşkilatlarla memorandumlar imzalanıb, birgə layihələr hazırlanır. Mərkəz olaraq, bu əməkdaşlıqları daha da genişləndirmək üçün də bir çox təşkilat, şirkət və qurumlarla danışıqlar aparırıq.

Xüsusi olaraq deyim ki, 2018-ci ildə respublikada ilk dəfə olaraq, UNEC-in təşkilatçılığı, Gənclər və İdman, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstəyi ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirdik. Həmin yarmarka əlillərin məşğulluğunun təmin edilməsində böyük təkan oldu. Yarmarkada 1200-dən cox əlilliyi olan gənc iştirak etmişdi. Yarmarkanın elə ilk günündə 108 nəfər işə qəbul olunmuşdu.

Bu günə qədər 36 nəfər əlilliyi olan məzunumuz daimi işlə təmin olunub. Bir çoxu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən özünəməşğulluq proqramlarında da iştirak ediblər. Bu istiqamətdə işlərimiz davam edir.

Sonda demək istərdim ki, UNEC-də beynəlxalq standartlara əsaslanan inklüziv təhsil mühiti yaradılıb və qlobal çağırışlara uyğun olaraq, sistemli şəkildə yenilənir. Əminəm ki, yerli və xarici ali təhsil müəssisələri, təşkilatlarla birgə bundan sonra da böyük uğurlara nail olacağıq.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay