UNEC-in Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Maşın mühəndisliyi” və “Ekologiya mühəndisliyi” ixtisaslarının müəllimləri — dos. Mustafayeva Esmira, dos. Səfərova Təranə, b/m. Quliyeva Sənubər, müəllim Abbasova Sevda və tələbələrin iştirakı ilə 1 “Dərs Evi” Təhsil Mərkəzində abituriyentlərlə görüş təşkil olunub.
Görüş zamanı UNEC-in tarixi, mövcud ixtisaslar, universitetdə tədris prosesinin tam elektronlaşdırılması, tələbələrin qiymətləndirilməsi və davamiyyətin elektron jurnal vasitəsilə aparılması, imtahanların elektron platforma üzərindən keçirilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda, UNEC-in QS, THE və Webometrics kimi beynəlxalq reytinqlərdə ölkə universitetləri arasında ön sıralarda yer aldığı və ildən-ilə mövqeyini yaxşılaşdırdığı diqqətə çatdırılıb.
Abituriyentlərə SABAH qrupları, Universitet Daxili İkili Diplom (UDİD) proqramı, beynəlxalq mübadilə imkanları, TOP-15 proqramı və 600-dən çox bal toplayan tələbələr üçün əlavə təqaüdlər haqqında da məlumat verilib. Bununla yanaşı, tələbə təşkilatları, elektron kitabxana, yaradıcılıq mərkəzi, idman klubu, biznes mərkəzi, startap və innovasiya imkanları təqdim olunub.
Daha sonra Mühəndislik fakültəsində tədris olunan “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Qida mühəndisliyi” (Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı daxil olmaqla) ixtisasları barədə geniş məlumat verilib, onların üstünlükləri izah olunub.
Çıxışlarda bildirilib ki, tədris prosesində tələbələrə yalnız nəzəri biliklər deyil, həm də müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda praktik bacarıqlar aşılanır, layihə əsaslı tədris (PBL) tətbiq edilir və real layihələr üzərində komanda işi təşkil olunur. Proqram çərçivəsində texniki fənlərlə yanaşı, dil bilikləri, sosial və işgüzar ünsiyyət bacarıqları, proqramlaşdırma və dizayn kimi fənlər də tədris olunur ki, bu da tələbələrdə fənlərarası yanaşmanı formalaşdırır.
Təcrübə müddətində tələbələrin praktiki və peşəkar bacarıqlarının inkişaf etdirildiyi, məzun olduqdan sonra isə qazandıqları bilik və bacarıqlar sayəsində sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində geniş karyera imkanlarına malik olduqları vurğulanıb.
Sonda mühəndislik ixtisaslarının müasir dünyada strateji əhəmiyyəti qeyd olunub, bu sahənin texnoloji tərəqqi, sənayenin rəqəmsallaşması və dayanıqlı inkişaf baxımından rolu xüsusi vurğulanıb. Həmçinin mühəndislərin gələcəkdə süni intellekt, bərpa olunan enerji və biotexnologiya sahələrində verəcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.