Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) tərəfindən universiteti və proqramı tanıtmaq məqsədilə Sumqayıt şəhərində yerləşən 1 və 12 nömrəli məktəblərdə şagirdlərlə görüşlər keçirilib.
Görüşlər zamanı şagirdlərə universitet həyatı, ixtisas seçimi zamanı nəzərə alınmalı mühüm məqamlar, eləcə də beynəlxalq səviyyədə təhsil imkanları barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində ISE proqramının əsas üstünlükləri, ingilisdilli təhsil imkanları, müasir və innovativ tədris metodları, həmçinin tələbələr üçün mövcud olan beynəlxalq mübadilə proqramları xüsusi vurğulanıb.
Bununla yanaşı, UNEC-də mövcud fakültələr, qəbul qaydaları və məzunlar üçün açılan karyera perspektivləri barədə şagirdlərin sualları ətraflı şəkildə cavablandırılıb.
Görüşlər interaktiv formatda təşkil olunub. Şagirdlər maraq dairələrinə uyğun suallar verərək həm ISE proqramı, həm də UNEC-də tələbə həyatı ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
Tədbirdə ISE-nin direktoru İnara Rzayeva, ISE TGT sədri Kamran Abbasov, UNEC TGT nəzdində fəaliyyət göstərən Career PLUS klubunun sədri Nahid Dadaşlı, həmçinin tələbələr Aysu Şirinova və Arif Həmidzadə iştirak ediblər.
Tədbirin əsas məqsədi gənclərə düzgün ixtisas seçimi ilə bağlı dəstək olmaq, onları beynəlxalq standartlara uyğun keyfiyyətli ali təhsilə təşviq etmək və gələcək karyera yollarında düzgün istiqamət vermək olub.