“Həftənin kitabı” layihəsi bu buraxılışında “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 FAKT” kitabını təqdim edir.
Kitabın müəllifi tarix mövzusunda podkastların müəllifi kimi tanınan və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Fərdi jurnalist müsabiqəsi”nin dördqat qalibi, İctimai Radionun baş redaktoru, tədqiqatçı-jurnalist Ayaz İlyasovdur.
Bu elmi-publisistik nəşrdə Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) zəngin və şərəfli tarixi işıqlandırılıb. Müəllif kitabı daha oxunaqlı, yəni uzun, yorucu elmi mətnlərdən fərqli olaraq, faktlara əsaslanan müasir və qısa-lakonik formatda tərtib edib.
Kitabda cümhuriyyətin qurucularının fəaliyyəti, parlament və dövlət quruculuğu, hərbi və təhsil islahatları, eləcə də diplomatik uğurlarla bağlı az məlum olan və ya unudulmuş 100 mühüm tarixi fakt xronoloji ardıcıllıqla təqdim olunub. Kitabda 25 orijinal illüstrasiya daxil edilib.
Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şura niyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın dövlət himni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın dövlət gerbini kim yaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimi mühüm suallar cavablandırılıb, eləcə də bir çox digər mövzulara aid çox maraqlı məlumatlar yer alıb.
“Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 FAKT” kitabı 2025-ci ildə “Altun Kitab” nəşriyyatında çapdan çıxıb. Kitab 272 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.