UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi, UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi, Rəqəmsal İqtisadiyyat fakültəsi və UNEC Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının təşkilatçılığı ilə “Al, OpenAl və ChatGPT: Gələcəyə doğru ümid, yoxsa qorxu ilə” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışaraq, süni intellektin inkişafının bu gün effektiv elmi araşdırmalara yeni baxış gətirən mühüm sahə olduğunu qeyd edib, məruzəçilər barədə ətraflı məlumat verib.
Təqdimatla çıxış edən UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin tədqiqatçısı, Türkiyənin Sabancı Universitetinin professoru Kürşat Çağıltay süni intellektin insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan elm olduğunu, onun əsasında yaradılan ChatGPT-nin insanların yaratdığı məlumatlardan istifadə edən bir platforma olduğunu bildirib. Lakin tamamilə yeni bir məlumatın yaradılmasının süni intellekt texnologiyaları tərəfindən mümkünsüzlüyündən danışıb. Həmçinin məruzəçi tərəfindən ChatGPT tərəfindən azərbaycan dilində hazırlanmış şeir iştirakçılara təqdim olunub.
Qazi Universitetinin dosenti Hüseyn Çakır təqdimatla çıxış edərək bildirib ki, ChatGPT test mərhələsində olmasına baxmayaraq, qabiliyyəti ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Məruzəçi süni intellekt əsaslı söhbət robotu olan ChatGPT-dən ödənişsiz iqstifadəsi üçün addım-adım keçilməli olan mərhələlər barədə ətraflı məlumat verib.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçilər tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, təlim proseslərinə dəstək üçün insanlara sözlü və rəqəmsal əməliyyatlarda süni intellektdən necə istifadə etməyi öyrətmək lazımdır.
Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan seminarı LİNKƏ keçid etməklə izləyə bilərsiniz.