A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC “Bir kəmər, Bir Yol” Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Yaxın 10 ildə “Bir kəmər, Bir yol” təşəbbüsü: Çin və Azərbaycan” mövzusunda tədbir keçirilib.

14-16 mart 2024-cü il tarixlərində Bakıda təşkil olunan XI Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Çinin Renmin Universitetinin (RDCY) Chongyang Maliyyə Araşdırmaları İnstitutunun icraçı dekanı professor WANG Wen və Tsinghua Universiteti, Schwarzman College qurucusu və icraçı direktoru professor David Qingzhong Pan tədbirdə iştirak ediblər.

Mövzu ətrafında təqdimatla çıxış edən professor WANG Wen bildirib ki, Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub ki, bu da Çin-Azərbaycan əməkdaşlığı üçün böyük imkanlar yaradıb. Bu marşrutun Şərqi Çindən başlayaraq Qərbi Avropanın son nöqtəsinə qədər uzanması xalqların iş qüvvəsi, istehsal amilləri hesabına inteqrasiyasını mümkün edib. Nümunə kimi ötən il ticarət dövriyyəsinin 21%, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşınmalarının həcminin 60% artmasını və ölkəmizdə 200-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyini qeyd edib. “Bir kəmər, bir yol” layihəsinin qlobal iqtisadi məhsuldarlığı və ticarət həcmini effektiv şəkildə artırdığını vurğulayan məruzəçi layihənin getdikcə daha çox ölkələrin, xüsusən də inkişaf etməkdə olan dünyanın rifahını yüksəltməyə davam edəcəyini bildirib.

Hibrid formatda keçirilən tədbirə qoşulan UNEC Biznes Məktəbinin müəllimi, Çinin Yanşan Universitetində doktorantura təhsili alan gənc tədqiqatçı Sadiq Qaçayevin çin dilində çıxışı xüsusilə qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbir iştirakçıların çoxsaylı sualları ilə davam edib. Tədbirin sonunda Universitetlər arasında əməkdaşlıqların qurulması, birgə mübadilə proqramlarında, konfrans və elmi tədbirlərdə qaşılıqlı iştirak barədə fikirlər səsləndirilib. 

TOP XƏBƏRLƏR