Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universiteti (UrDİU) və Azərbaycanı təmsil edən UNEC-in birgə təşkilatçılığı ilə Yekaterinburq şəhərində XIV Avrasiya İqtisadi Gənclər Forumu keçirilir.
Azərbaycan platformasında XIV Avrasiya İqtisadi Gənclər Forumunun İqtisadçılar və Maliyyəçilər Konqresi çərçivəsində “Ərazilərin rəqabətqabiliyyətliliyi” adlı beynəlxalq müsabiqədə ölkəmizin 18 ali təhsil müəssisələrindən 100 nəfər iştirak edir.
İştirakçılar tərəfindən tədqiqat işləri müsabiqəyə aşağıdakı istiqamətlər üzrə təqdim olunub:
- “Mikroiqtisadiyyat” (müəssisə və təşkilatlar arasında qarşılıqlı əlaqə səviyyəsi);
- “Mezoiqtisadiyyat” (regional və sektor səviyyəli institutlar);
- “Makroiqtisadiyyat” (dünya və milli iqtisadiyyat institutları).
Müsabiqədə təmsil olunan 18 universitetlərdən ümumilikdə 30 nəfər professor-müəllim heyəti elmi rəhbər qismində iştirak edir, onların 25 nəfəri UNEC Rus İqtisad Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının əməkdaşlarıdır.
Bundan əlavə, XIV Avrasiya İqtisadi Gənclər Forumunun Strateqlər Konqresi çərçivəsində Tik-Tok stilində iştirak etmək üçün 3 komanda formalaşıb. Bu komandalar "Maraqlarımın dünyası" mövzusunda videoçarxlarını təqdim ediblər.
Hazırda Forumun superfinal mərhələsinin keçirilməsi üçün hazırlıq işləri davam edir. Hər istiqamət üzrə müsabiqənin milli finalının qalibləri və Tik-Tok istiqaməti üzrə birinci yeri qazananlar XIV Avrasiya İqtisadi Gənclər Forumunun vəsaiti hesabına Ural Dövlət İqtisad Universitetində superfinalda iştirak edəcəklər.
- Şahverdiyeva Nərmin (“Mikroiqtisadiyyat” üzrə) – UNEC, RİM
- Sadullayev Asim (“Mezoiqtisadiyyat” üzrə) – UNEC, RİM
- Ağalarova Fatimə (“Makroiqtisadiyyat” üzrə) – Milli Aviasiya Akademiyası
- Hüseynzadə Rüfət (“Tik-tok”) – UNEC, RİM
Superfinal aprelin 26-də Ural Dövlət İqtisadiyyat Universitetində keçiriləcək.