Bakıda “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı beynəlxalq forum keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, “EcoHub” icraçı tərəfdaşlığı ilə keçirilən beynəlxalq forumun məqsəd ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət, ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etmək olub.
BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələrinin də iştirak etdiyi tədbirin “Tullantıların idarəedilməsi sahəsində daha dayanıqlı təcrübələr üçün gənclərin və əhalinin təşviq edilməsi” adlı panel müzakirəsində UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin “Ekologiya” ixtisası üzrə III kurs tələbəsi Könül Bayramova moderator olaraq çıxış edib.
Forumun yekununda iştirak edən təşkilatlar və şirkətlər tərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə, innovativ qablaşdırma həllərinə, təkrar emal və tullantıların azaldılması strategiyalarının təşviqinə dair “Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib.