A

UNEC-də COP29 çərçivəsində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC İqtisadi Klinika Tədqiqat Mərkəzinin birgə təqdimatında “Ətraf mühit iqtisadiyyatında Web of Science indeksli jurnallarda məqalə yazımı” mövzusunda onlayn təlim keçirilib.

Üç müxtəlif mövzunu əhatə edən təlim UNEC İqtisadi Klinika Tədqiqat Mərkəzinin tədqiqatçıları, eyni zamanda Türkiyənin aparıcı universitetlərinin dosentləri Uğur Korkut Pata, Sinan Erdoğan və Selin Karlılar Patanın təqdimatında iştirakçılara təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova bildirib ki, təlimin məqsədi impakt faktorlu jurnalların tələbinə uyğun məqalələrin hazırlaması və bu jurnallara təqdimetmə yollarının mənimsənilməsidir.

Stenford Universitetinin hazırladığı “Dünyanın Nüfuzlu Alimləri”nin reytinq siyahısının ilk 2%-nə daxil olan alimlər sırasında yer alan təlimçilərdən dos. Uğur Korkut Pata müasir dövrdə nüfuzlu elmi nəşrlərdə dərc olunan məqalələrin getdikcə daha çox aktuallıq kəsb etdiyini bildirib. Elmi istiqamətlərə uyğun jurnalların müəyyənləşdirilməsi, “Web of Science” indeksli jurnalların metrik göstəriciləri və nəşr qaydaları haqqında ətraflı məlumat verib.

“Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda ikinci təlimi dos. Sinan Erdoğan keçib. Məruzəçi Davamlı İnkişaf Məqsədlərinin təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla, geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkdiyini vurğulayıb.

Dos.Selin Karlılar Patanın təqdimatında keçirilən üçüncü təlim “Ekonometrikada zaman seriyaları” mövzusuna həsr olunub. Mövzu ətrafında çıxış edən məruzəçi bildirib ki, ekonometrikada zaman sıraları göstəricilərin statistik və digər xüsusiyyətlərini üzə çıxarmaq məqsədi ilə zaman seryalarının təhlilinə imkan verən müxtəlif üsulları ehtiva edir.

Təlim Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR