UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən və “Baku Steel Company” QSC-nin dəstəyi ilə keçiriən “Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqənin nəticələrinin açıqlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev bildirib ki, müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin akademik heyətini, doktorant, magistr və tələbələri Qarabağın iqtisadi quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasına təşviq etməkdən ibarət olub. O, müsabiqədə elmi istiqamətlərin COP29 kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Təqdim olunan məqalələrdə alternativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın yaşıl iqtisadiyyat və yaşıl enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günəş enerjisindən səmərəli istifadə edilməsi, su mənbələri ehtiyatlarının qiymətləndirilməsi, regionun ekoloji problemlərinin həlli yollarının aktuallıq təşkil etdiyini diqqətə çatdırıb.
Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev müsabiqənin əhəmiyyətindən danışaraq, ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından müsabiqəyə 90-a yaxın məqalənin daxil olduğunu bildirib. O, məqalələr toplusunun e-kitab formatında hazırlanacağını və UNEC-in elektron resurslarında yerləşdiriləcəyini qeyd edib.
Tədbirdə iştrak edən millət vəkili Vüqar Bayramlı UNEC-də elmi istiqamətdə həyata keçirilən yenilikləri yüksək qiymətləndirərək, bu cür müsabiqələrin tələbələrin və gənc alimlərin elmi fəaliyyətə marağını artırdığını və onların elmi mühitlə tanış olmasına şərait yaratdığını bildirib. Millət vəkili, həmçinin, bu cür təşəbbüslərin Qarabağda ekoloji tarazlığın bərpası və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda müsabiqə hər bir nominasiya üzrə ilk 3 yerə layiq görülənlərə pul mükafatları verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim olunub.