Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı çərçivəsində Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Elmi tədqiqatlarda və tədrisin inkişafında Clarivate Süni İntellekt həllərinin önəmi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev çıxışında UNEC ilə Clarivate şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən danışıb. R.Rzayev vurğulayıb ki, bu müqavilə çərçivəsində 4 istiqamət üzrə əməkdaşlıq edərək, tədqiqat, tədris sahələrində birgə layihələr həyata keçirilir. Prorektor həmçinin kitabxana sistemində süni intellekt alətlərinin tətbiqi perspektivlərinə toxunaraq, avtomatlaşdırılmış kataloq yaratmaq, istifadəçi sorğularına cavab vermək və akademik mənbələrin daha sürətli əldə edilməsini təmin etmək kimi imkanları qeyd edib.
Sonra Clarivate şirkətinin müştəri məmnuniyyəti üzrə məsləhətçisi İltifat İbrahimov təqdimatla çıxış edərək, iştirakçılara Clarivate şirkətinin süni intellekt alətlərindən danışıb. O, süni intellektin tədris proqramlarına inteqrasiyasının gələcək perspektivləri, tədqiqat layihələrinin idarə edilməsində effektivliyi artırmaq üçün AI‑dən istifadənin yollarını açıqlayıb. Təqdimat zamanı Clarivate-in elektron kitab bazası olan Ebook Central, kitabxanalar üçün mərkəzi axtarış motoru funksiyasını yerinə yetirən Primo, AI-powered Academic Coach, kitab kataloqlarının işlənməsində,eləcə də rəqəmsal resursların kataloq məlumatlarının hazırlanmasında istifadə olunan Metadata Asistantın finksiyaları barədə də ətraflı məlumat verilib.
Tədbirin sonunda İltifat İbrahimov iştirakçıların suallarını cavablandırıb və Clarivate platformasında süni intellekt həllərinin praktiki tətbiqini nümayiş etdirib. Bu canlı təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.