İyunun 12-də Heydər Əliyev Mərkəzində VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının (ISCEMR-2025) II panel sessiyası keçirilib.
“Dairəvi iqtisadiyyatın drayverləri: Rəqəmsal transformasiya və dayanıqlı ekosistem” mövzusuna həsr olunan panelin moderatoru “Aqualink” MMC-nin baş direktoru Orxan Mikayılov olub. Panel müzakirələrdə UI Green Metric Dünya universitetləri reytinqinin təsisçisi, ekoloji davamlılıq sahəsində beynəlxalq mütəxəssis prof. Riri Fitri Sari, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Farid Osmanov, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin üzvü Sabit Zeyniyev, Latviya Universitetinin İqtisadiyyat və Sosial Elmlər Fakültəsinin professoru Ramona Rupeika və TOMRA Collection şirkətinin ictimai işlər üzrə vitse-prezidenti İlkim Yiğit mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda resursların təkrar istifadəsi, nəqliyyat vasitələrinin utilizasiyası və ekoloji sistemlərin qorunması, rəqəmsallaşmanın insanların gündəlik həyatına inteqrasiyası və bu prosesin texniki tərəfləri, iqtisadi inkişaf və ekoloji davamlılıq arasında tarazlığın qoruması mövzularına toxunulub. Rəqəmsal transformasiya, davamlı ekosistem, yaşıl enerji layihələrindən bəhs olunub. Həmçinin universitetlərin dayanıqlılıq fəaliyyətlərinin yeni trendlərlə, xüsusilə rəqəmsal yeniliklər, sosial inklüzivlik və tələbə yönümlü təşəbbüslərlə uyğunlaşdırılması ilə bağlı maraqlı fikirlər səsləndirilib.
Panel müzakirə sual-cavab sessiyası ilə öz işini yekunlaşdırıb.