Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Süni intellekt dövründə yaranan yeni peşələr” mövzusunda elmi-intellektual konfrans keçirilib.
Tədbirdə UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı, dosent Elman Cəfərov çıxış edərək konfransın “Bakı söhbətləri” layihəsi çərçivəsində keçirildiyini bildirib. O, görüşün Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və qardaş Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin professoru Çetin Elmasın iştirakı ilə baş tutmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Konfransda Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan və Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin “Elektrik-elektronika mühəndisliyi” kafedrasının professoru, Dr. Çetin Elmas “Süni intellekt: son yeniliklər və tətbiq nümunələri” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzə zamanı Prof. Dr. Çetin Elmas süni intellektin sürətli inkişafı və onun müxtəlif sahələrdə tətbiq imkanları barədə məlumat verib. O qeyd edib ki, cəmiyyətdə süni intellektin insanı əvəz edəcəyi ilə bağlı narahatlıqlar mövcuddur. Lakin əslində insanı əvəz edən süni intellekt deyil, süni intellektdən daha səmərəli istifadə edən insan olacaq. Empatiya, etik qərarvermə, yaradıcılıq və liderlik kimi bacarıqların hələ uzun müddət yalnız insana məxsus üstünlüklər olaraq qalacağı diqqətə çatdırılıb.
Konfransda UNEC-in Rəqəmsal iqtisadiyyat, Mühəndislik və Türk Dünyası İqtisad fakültələrinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirin sonunda Prof. Dr. Çetin Elmas iştirakçıların suallarını cavablandırıb.