Xankəndi şəhərində UNEC Xanım Tədqiqatçılar Şurası (WRC) və Qarabağ Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “Peşəkar bacarıqların inkişafı” mövzusunda ikigünlük təlim proqramı keçirilib.
Fevralın 21-22-də baş tutan tədbir “Gələcəyini #QarabağdaQur” sosial təşəbbüs proqramı çərçivəsində reallaşdırılıb. Layihənin əsas hədəfi işğaldan azad edilmiş ərazilərdə sosial kapitalın gücləndirilməsi və icma quruculuğu (community engagement) prosesinə elmi dəstək verməkdir.
Tədbirin açılışında çıxış edən Qarabağ Təlim Mərkəzinin rəhbəri Aytən Məmmədova bildirib ki, post-konflikt mərhələsində regionun dirçəlişi yalnız infrastrukturla deyil, həm də insan kapitalının inkişafı ilə mümkündür. O, qadın liderliyinin bu prosesdəki xüsusi rolunu qeyd edərək, vətəndaş təşəbbüslərinin akademik institutlarla birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Təlimlərdə ölkənin bir neçə nüfuzlu ali təhsil müəssisəsinin — UNEC, Qarabağ Universiteti, ATU, GDU və Azərbaycan Universitetinin müəllim və tələbə heyəti iştirak edib. Bu sinerji regionun sosial-iqtisadi reinteqrasiyasında universitetlərin bilik mərkəzi olmaqla yanaşı, həm də ictimai dialoq məkanı olduğunu bir daha sübut edib.
UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim Nərgiz Hacıyeva post-konflikt cəmiyyətlərdə sosial etimadın bərpası və "Universitet-Biznes-İcma" modelinin tətbiqi barədə geniş təqdimatla çıxış edib.
Dövlət Gömrük Komitəsi Akademiyasının Karyera Mərkəzinin rəhbəri Şəbnəm Nuriyeva iştirakçılara fərdi liderlik, empati və komanda daxilində effektiv ünsiyyət bacarıqlarını praktiki tapşırıqlarla aşılayıb.
MikroMaliyyə Assosiasiyasının layihə rəhbəri Kristina Məmmədova tərəfindən tətbiq edilən qamifikasiya (gamification) metodu təlimin daha maraqlı və yadda qalan keçməsini təmin edib.
UNEC Xanım Tədqiqatçılar Şurası bəyan edib ki, Xankəndidə keçirilən bu tədbir bir başlanğıcdır. Şura gələcəkdə də Qarabağda gənclərin və qadınların fəal iştirakını təmin edəcək sosial innovasiya platformalarının yaradılması və icma əsaslı təşəbbüslərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Bu təşəbbüs Qarabağın yalnız fiziki deyil, həm də sosial və institusional baxımdan dayanıqlı yenidənqurulmasına xidmət edən uğurlu bir model kimi qiymətləndirilir.