Xəzər üzərindən “yaşıl” marşrut formalaşır
Mərkəzi Asiyanın enerji xəritəsində yeni mərhələnin başlanğıcını ifadə edən mühüm qərarlardan biri Qazaxıstan parlamentinin plenar iclasında qəbul edildi. Deputatlar Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlığı nəzərdə tutan sazişi ratifikasiya etməklə regionun gələcək enerji əməkdaşlığı üçün hüquqi əsas formalaşdırdılar.
Sazişin mahiyyəti Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Avropa enerji bazarına bağlayacaq “yaşıl enerji dəhlizi”nin formalaşdırılmasıdır. Beləliklə, regionda bərpaolunan enerji potensialından daha səmərəli istifadə olunması, ekoloji baxımdan təmiz elektrik enerjisinin beynəlxalq ticarətinin genişləndirilməsi üçün yeni imkanlar açılır. Layihə çərçivəsində külək və günəş kimi bərpaolunan mənbələrdən əldə edilən enerjinin Avropa istiqamətində ötürülməsi ilə yanaşı, yaşıl ammonyak və hidrogen kimi gələcəyin enerji məhsullarının da ixracı nəzərdə tutulur.
Qeyd edək ki, strateji sənəd ilk dəfə 2024-cü il noyabrın 13-də Bakıda keçirilmiş beynəlxalq iqlim sammiti zamanı 3 dövlətin liderləri tərəfindən imzalanmışdı. COP29 konfransının yaratdığı siyasi və diplomatik platforma region ölkələrinə iqlim gündəliyini konkret iqtisadi layihələrlə əlaqələndirmək imkanı verdi. Ratifikasiya qərarı isə həmin təşəbbüsün praktik mərhələyə keçdiyini göstərən mühüm addım kimi dəyərləndirilir.
Ən mühüm texniki komponentlərdən biri isə Xəzər dənizinin dibi ilə yüksək gərginlikli sabit cərəyan kabelinin çəkilməsi olacaq. Bu kabel vasitəsilə Qazaxıstan və Özbəkistanda istehsal edilən yaşıl elektrik enerjisi əvvəlcə Azərbaycana çatdırılacaq, daha sonra isə Qara dənizdən Avropaya uzanan enerji infrastrukturu ilə birləşdiriləcək. Beləliklə, Xəzər hövzəsi Avropa ilə Mərkəzi Asiya arasında yeni enerji körpüsünə çevrilə bilər.
Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması beynəlxalq təcrübəyə malik İtaliyanın CESI konsaltinq şirkətinə həvalə olunub. Təxminən 1 milyon avro dəyərində qiymətləndirilən bu tədqiqat beynəlxalq maliyyə institutlarının qrantları hesabına maliyyələşdirilir. Mütəxəssislər hesab edirlər ki, aparılan araşdırmalar layihənin texniki səmərəliliyini və iqtisadi dayanıqlılığını müəyyənləşdirərək gələcək investisiyalar üçün mühüm istiqamətlər göstərəcək.
Enerji əməkdaşlığının institusional çərçivəsini formalaşdırmaq məqsədilə 2025-ci il iyulun 1-də 3 ölkənin sistem operatorları tərəfindən “Green Corridor Alliance” adlı birgə müəssisə yaradılıb. Bu qurum layihənin icrasının koordinasiyasını təmin edir, tərəfdaş ölkələrin ekspertlərini mütəmadi olaraq bir araya gətirərək texniki və təşkilati məsələlərin müzakirəsinə şərait yaradır. Birgə müəssisədə hər 3 dövlətin payının bərabər – 33,3 faiz səviyyəsində müəyyənləşdirilməsi isə layihənin kollektiv və balanslı idarəetmə prinsipinə əsaslandığını göstərir.
Qazaxıstanın Energetika Nazirliyində hesab olunur ki, təşəbbüsün həyata keçirilməsi ölkənin ixracyönümlü enerji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Bununla yanaşı, layihə Qazaxıstanın dayanıqlı enerji sahəsində etibarlı tərəfdaş imicini möhkəmləndirəcək və onu Avrasiya məkanında mühüm enerji qovşaqlarından birinə çevirə bilər.
Bu baxımdan Xəzər hövzəsi yeni nəsil kommunikasiya və enerji infrastrukturunun qovşağı kimi formalaşmağa başlayır. “Rəqəmsal İpək yolu” təşəbbüsü çərçivəsində Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan fiber-optik kabel xətti region ölkələrinin rəqəmsal əlaqələrini gücləndirməklə yanaşı, enerji əməkdaşlığının texnoloji əsaslarını da möhkəmləndirir. Müasir enerji sistemlərinin effektiv fəaliyyəti üçün yüksək sürətli məlumat ötürülməsi və rəqəmsal koordinasiya həlledici rol oynadığından belə kommunikasiya infrastrukturu regional enerji layihələrinin ayrılmaz hissəsinə çevrilir.
Xüsusilə “yaşıl enerji” layihələrinin inkişaf etdiyi indiki mərhələdə bu təşəbbüsün əhəmiyyəti daha da artır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasını həyata keçirərək günəş, külək və su ehtiyatları əsasında yeni enerji mərkəzləri formalaşdırır. Paralel olaraq Mərkəzi Asiya ölkələrində də bərpaolunan enerji potensialının sürətlə inkişaf etdirilməsi region daxilində enerji əməkdaşlığını daha geniş müstəviyə çıxarır.
Belə şəraitdə fiber-optik kabel infrastrukturu enerji istehsalı ilə enerji bazarları arasında qurulan körpünün rəqəmsal dayağı rolunu oynayacaq. Bu texnoloji xətt vasitəsilə enerji sistemlərinin idarə olunması, ötürmə şəbəkələrinin sinxronlaşdırılması və regional enerji ticarətinin operativ koordinasiyası mümkün olacaq. Nəticədə, Xəzər regionu tədricən həm “yaşıl enerji” ixracının, həm də rəqəmsal kommunikasiya marşrutlarının kəsişdiyi mühüm geoiqtisadi məkana çevrilir.
Digər tərəfdən, “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi bu baxımdan xüsusi strateji əhəmiyyət daşıyır. Gürcüstan, Rumıniya, Macarıstan və Azərbaycan arasında imzalanmış memorandum əsasında Qara dənizin dibi ilə çəkiləcək 1155 kilometrlik yüksəkgərginlikli kabel xətti Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini birbaşa birləşdirəcək. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin 2026-2036-cı illər üzrə Şəbəkə İnkişaf Planına daxil edilməsi ilə bağlı aparılan müzakirələr də layihənin Avropa miqyasında prioritet istiqamət kimi qəbul edildiyini göstərir.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlıq çərçivəsində mühüm addımlardan biri də Bakıda keçirilən beynəlxalq müzakirələrlə müşayiət olundu. Belə ki, Asiya İnkişaf Bankı Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri ilə birlikdə martın 4-də Bakıda “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının ilk mərhələsinə həsr olunmuş başlanğıc seminar təşkil edildi. Bu görüş Xəzər regionunda vahid elektrik enerjisi şəbəkəsinin formalaşdırılması imkanlarının araşdırılması baxımından mühüm mərhələ kimi qiymətləndirilib.
Seminarda bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası, elektrik şəbəkəsinin modelləşdirilməsi və Xəzər dənizi ilə çəkilməsi planlaşdırılan sualtı kabelin texniki parametrləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, layihənin hüquqi-normativ çərçivəsi, telekommunikasiya infrastrukturu və icra mexanizmləri də müzakirə olunan əsas mövzular sırasında olub.
Qeyd edək ki, araşdırmanın həyata keçirilməsinə Asiya İnfrastruktur İnvestisiya Bankı və CAREC Program çərçivəsində fəaliyyət göstərən beynəlxalq məsləhətçilər də dəstək verir. Bu əməkdaşlıq Xəzər regionunda enerji inteqrasiyasının gücləndirilməsi və dayanıqlı enerji layihələrinin inkişafı baxımından mühüm platforma hesab olunur.
Zahid MƏMMƏDOV,
İqtisad Universiteti İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini, professor
Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyası əslində Mərkəzi Asiya–Xəzər–Avropa enerji dəhlizinin yeni mərhələyə keçdiyini göstərir. Bu layihə yalnız enerji əməkdaşlığı deyil, həm də regionda formalaşan yeni “yaşıl enerji geoiqtisadiyyatı”nın əsas elementlərindən biridir.
Azərbaycan artıq Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələrində mühüm tranzit və strateji tərəfdaş rolunu sübut edib. İndi isə eyni geoiqtisadi modelin ‘yaşıl enerji’ sahəsində tətbiqi ölkənin regional enerji arxitekturasında mövqeyini daha da gücləndirə bilər.
Əgər bu enerji dəhlizi qlobal bazarlara – xüsusilə Avropa enerji sisteminə çıxış əldə edərsə, qazanılacaq dividendlər bir neçə istiqamətdə özünü göstərə bilər. Birincisi, Azərbaycan üçün yeni enerji ixracı imkanları və tranzit gəlirləri formalaşacaq. İkincisi, region ölkələri üçün enerji təhlükəsizliyi və enerji sistemlərinin diversifikasiyası güclənəcək. Üçüncüsü isə, bu layihə Xəzər hövzəsini yalnız neft-qaz regionu kimi deyil, həm də “yaşıl enerji platforması” kimi beynəlxalq enerji xəritəsində daha mühüm mövqeyə çıxara bilər.
Nəticə etibarilə, bu təşəbbüs təkcə üç ölkə arasında enerji əməkdaşlığı deyil, həm də Avrasiya məkanında yeni “yaşıl enerji körpüsü”nün formalaşmasına doğru strateji addım kimi qiymətləndirilə bilər.
Strateji baxımdan bu layihə Azərbaycanın dünya enerji xəritəsində rolunu dəyişə bilər. Azərbaycan beynəlxalq bazarda artıq yalnız neft və qaz ixrac edən məkan kimi deyil, həm də qlobal enerji keçidində mühüm “yaşıl enerji platforması” kimi çıxış etmək imkanına malik olacaq.