A

Bakı şəhərində “Africa Day Conference 2026: Rising Continent, Emerging Partnerships” adlı beynəlxalq konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı, Bakı Dövlət Universiteti, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və Azərbaycanda akkreditə olunmuş Afrika ölkələrinin səfirliklərinin əməkdaşlığı ilə təşkil olunub.

Konfrans çərçivəsində Azərbaycan-Afrika münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, regional inteqrasiya prosesləri, Afrika ölkələrinin beynəlxalq münasibətlər sistemində artan rolu, eləcə də mövcud çağırışlar ətrafında geniş müzakirələr aparılıb.

Konfrans çərçivəsində “Azərbaycan–Afrika münasibətləri: mövcud dinamikalar və strateji potensial” mövzusunda panel müzakirəsi də təşkil olunub.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) Beynəlxalq əlaqələr üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Həsənov təmsil edib. Görüşlər zamanı Afrika ölkələri ilə ali təhsil, akademik əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, UNEC-də təhsil alan Mozambik, Somali, Qambiya, Əlcəzair və Keniyadan olan tələbələr də konfransda iştirak ediblər. Həmin tələbələr Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində UNEC-də təhsil alırlar.

UNEC beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, multikultural akademik mühitin inkişafı və Afrika ölkələri ilə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

TOP XƏBƏRLƏR